06 noyabr 2024 01:26
245

Heç kim bizim daxili işimizə qarışa bilməz

Siyasi, iqtisadi, humanitar platforma kimi tanınan ölkəmiz COP29-dakı uğurları ilə yenə də etimadı doğruldacaq

Ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlər ərəfəsində anti-Azərbaycan dairələrin rəsmi Bakiya qarşı eyni mənbədən qaynaqlanan, müalicəsi olmayan qərərzli mərəzi yenə baş qaldırıb. Oktyabrın 25-də Avropa Parlamentinin (AP) Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı növbəti dəfə qərəzli qətnamə qəbul etməsi, əsası olmayan kağız parçasında COP29-un Bakıda keçirilməsinin ləğvi, Azərbaycan Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində imzalanan Strateji Tərəfdaşlıq Memorandumundan imtina edilməsi, “işğal olunmuş Ermənistan torpaqlarından çıxması” kimi sərsəm tələblərin irəli sürülməsi müstəqil, suveren dövlətin beynəlxalq hüquqlarının pozulması, daxili işlərinə müdaxilə olmaqla siyasi şizofrenikliyin əlamətidir. Ədalətsiz qətnaməyə 453 deputatın səs verməsi bu qurumun Azərbaycana münasibətdə əvvəlki qərəzinin daha da erməniləşdiyini göstərir. Rəsmi Bakı bu kimi addımların Aİ-nin müxtəlif institutları vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyası, Ermənistandakı revanşistlərə dəstək, yeni müharibəyə hazırlıq olduğunu bildirir və regionda sülhün, sabitliyin bərpasına təhlükə adlandırır. Bu cür hallar Azərbaycanla Aİ arasındakı münasibətlərə, beynəlxalq hüququn norma və prinsiplərə, qarşılıqlı hörmət, bərabərhüquqluluq kimi fundamental prinsiplərə xələl gətirir.

Qarşılıqlı münasibətlərə ədalətli yanaşan Azərbaycanın regionda güclənən mövqeyinə qısqanan Avropa İttifaqı, Avropa Parlamenti kimi digər təsisatların hələ də Cənubi Qafqazda təxribatlarını davam etdirmələri, müxtəlif dağıdıcı metodlardan istifadə etmələri illərdən bəri hədəfə aldıqları ölkələrə tətbiq etdikləri Avropasayaq demokratiyanın əsl məqsədini, iç üzünü göstərir.

İkinci Qarabağ müharibəsindən sonra guya tərəflər arasında sülh sazişinin imzalanmasına dəstək göstərəcəyi bəhanəsi ilə Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə Mülki Müşahidə Missiyasını yerləşdirən Avropa İttifaqının “binokl diplomatiyası”nın əsl məqsədi sonra bəlli oldu.

Azərbaycana qarşı casusluqla məşğul olan bu diplomatiya bu günlərdə yenə peyda olub. Müşahidə missiyası adı altında regiona soxulmağa müvəffəq olan Qərb dairələrinin planı sonrakı dövrdə missiyanın tərkibini genişləndirməklə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq, boşalan yerləri Avropa İttifaqının hərbi birlikləri hesabına doldurmaq, ABŞ-ın və Qərbin Cənubi Qafqaza daxil olmaq niyyətlərini hüquqi baxımdan rəsmiləşdirmək idi. Sonradan bəlli oldu ki, missiya faktiki olaraq bütün sərhəd boyu ərazilərdə kəşfiyyat fəaliyyətini həyata keçirir.

Xatırladaq ki, mütəmadi olaraq şərti sərhəddə yaxınlaşaraq Azərbaycan ərazilərini binokl ilə müşahidə edilməsi, eyni şəkildə İranla, Gürcüstanla, Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarının toplanılması “ Mülki missiya”nın fəaliyyətinə daxil imiş. Məqsəd Avropa İttifaqının maraqlarının təmin olunması istiqamətində konkret addımların atılmasıdır. Son olaraq isə bir neçə gün əvvəl həmin missiyanın 8 nəfərindən ibarət heyəti erməni hərbçilərlə birlikdə növbəti dəfə Azərbaycanın şərti sərhədinə yaxınlaşıb ərazilərimizin müşahidəsini aparmış və bundan bir neçə gün keçməmiş, biz həmin istiqamətdə Ermənistan tərəfindən hərbiçilərin, eləcə də silah və texnikanın cəmlənməsi “Ələddinin sehirli çırağı” vasitəsilə həyata keçirildi. Rəsmi İrəvanın müxtəlif beynəlxalq tribunalardan guya Ermənistanın təhlükəsizlik problemi ilə üzləşməsi ilə bağlı bəyanatlar verməsi fonunda baş verən silahlanma əməliyyatı törətdiyi təxribatlara sadəcə zəmin formalaşdırmaq üçün lazım imiş.

Aİ-nin Ermənistandakı “silahsız missiya”sından sonra ABŞ-ın, Qərbin Ermənistana “silahlı yardımları” mülki missiyanın əsl “mandatı”nın mahiyyətini açıqladı. Halbuki, Aİ- Azərbaycan-Ermənistan arasında keçirilən görüşlərdə bəyan edilirdi ki, Avropa İttifaqı tərəflər arasında sülh sazişinin imzalanmasında neytrallığı saxlamalıdır. Göründüyü kimi, qeyri-səmimi mövqeyi ilə etimadına xələl gətirən Brüssel, Avropa İttifaqının mənzil qərargahı rəsmi İrəvanın alternatividir.

Birləşmiş Ştatların təlimatları ilə idarə olunan Aİ qlobal siyasətlə bağlı müstəqil münasibət bildirib, qərar qəbul etmək səlahiyyətlərini çoxdan itirib. Başqa sözlə deyilsə, ABŞ Aİ-dən istifadə etməklə “qoca qitə"ni istədiyi kimi idarə edir. Gənubi Qafqazı təsir altında saxlamaq üçün təkcə Azərbaycanda deyil, Gürcüstanda belə dəst-xəttini göstərən ABŞ-ın bu ölkədə keçirilən parlament seçkiləri ilə bağlı mövqeyi də qaranlıq məqamlara aydınlıq gətirir. Seçkidə 54 faiz səslə qalib gələn “Gürcü Arzusu- Demokratik Gürcüstan” Partiyası ilə bağlı qərəzli münasibətlərini bildirən ATƏT-in, Avropa İttifaqının “rəylərində” rəsmi Vaşinqtonun dəst-xətti duyulur. Azərbaycana qarşı qətnamələrin mahiyyətində də bu çağırışlar hiss olunur. Lakin rəsmi Bakı çoxqütblü iqtisadi siyasətini həyata keçirir, hazırda Avropa İttifaqının təxminən 10 dövləti ilə eyni müstəvidə, yəni enerji sahəsində əməkdaşlığını genişləndirir.

Azərbaycanın müstəqil siyasəti rəsmi Vaşinqtonu qane etmir. Sözəbaxan olmadığını müstəqil siyasəti, qətiyyəti, dəstəklənən diplomatiyası ilə bildirən Azərbacana qarşı təxribatlar, təzyiqlər həmişə nəticəsiz qalıb. Ölkəmizə qarşı əsassız ittihamlar bu dəfə də eyni aqibətlə üzləşəcək. Avropa Parlamentində ciddi təsirləri olan, bu ölkələrdəki erməni lobbisinin pulları ilə ölkəmizə qarşı təxribatlarda fəallıq göstərən Fransanın, Almaniyanın cəhdləri də baş tutmayacaq. Belə ki, xəyanət yuvası olan ABŞ-ın və Qərbin maliyyələşdirdiyi anti-Azərbaycan təsisatların, dairələrin, səlahiyyətsiz qeyri-hökumət təşkilatlarının canfəşanlığı, COP29-un Azərbaycanda keçirilməsinə mane olmaq cəhdləri baş tutmayacaq.

Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir. Dövlət başçımız xəbərdarlıq edir ki, biz özümüzə qarşı əsassız ittihamları heç vaxt qəbul etməyəcəyik: “Azərbaycan müstəqil siyasət aparan ölkədir. Bunu hər kəs bilir və birinci il deyil ki, müstəqil siyasət aparırıq. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Heç kim bizim daxili işimizə qarışmasın. Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir. Axı, biz Ermənistan ilə sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq. Görün, Ermənistanın nə qədər havadarı var, İkinci Qarabağ müharibəsi bunu göstərdi. Görün, bu gün Ermənistanı dəstəkləyən nə qədər ölkə var. Yəni, biz bu ölkələrlə düşmən olaq? Yox. Bu, ölkələrin suveren hüququnu biz qəbul edirik. Onların suveren işidir. Bəli, haradasa daxili aləmimizdə bundan narahat ola bilərik, bizi incidə bilər, xüsusilə yaxın olan ölkələr Ermənistanla münasibətlərdə xüsusi canfəşanlıq edəndə. Amma biz bunu heç vaxt dilə gətirmirik. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin.” Hansısa kənar qüvvə tərəfindən idarə olunmayan Azərbaycan xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kimin bizim işimizə burnunu soxmasına imkan verilməyəcək.

COP29-un Azərbaycanda keçirilməsinin beynəlxalq səviyyədə dəstəkləndiyi müddətdə belə Prezident İlham Əliyev bildirirdi ki, anti-Azərbaycan dairələrin əsassız ittihamları ilə üzləşəcəyik: “Biz nədə ittiham olunurduq? Neft və qazla zəngin olan ölkə olduğumuz üçün. Bu, çox təəccüblü bir haldır. Yeri gəlmişkən, COP28-in ev sahibi olan Birləşmiş Ərəb Əmirlikləri də eyni mövzuda ittihamlarla üzləşdi. Təəssüf ki, bizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi başladı, biz ilk vaxtlar buna hazır deyildik. Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Biz iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq, mövzular bunlar olmalıdır.”

Çox təəssüf ki, COP29-a sayılı günlərin qaldığı bu günlərdə ölkəmizə qarşı təxribatların, ittihamların və hücumların sayı artır. Lakin ədalətsiz və ikili standartlara əsaslanan ittihamlar mühüm təşəbbüslərin müəllifi olan Azərbaycanı qorxuda bilməz. Siyasi, iqtisadi, humanitar platforma kimi maraq doğuran ölkəmizdə təkcə təşkilati baxımdan işlər görülmür. Təşəbbüslər irəli sürülür, inkişaf etmiş ölkələrlə əməkdaşlıq genişlənir. Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qurulur. Dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan 120 ölkənin iştirakı və yekdil razılığı ilə mühüm yeniliklərin müəllifi kimi böyük nüfuz qazanmşdır. Azərbaycan bəlkə yeganə ölkədir ki, regionda və postsovet məkanında Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və sənədlər imzalayıb.

ABŞ-ı və Aİ-ni qorxudan COP29-da iştirak edəcək yüksək səviyyəli qonaqların 30 il ərzində işğal altında qalan Azərbaycan torpaqlarında erməni vandallarının törətdikləri vəhşiliklərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Çünki bu vəhşiliklərdə “eko”ya baxışlarını, Cənubi Qafqaza maraqlarını mənfur “eqo” ları ilə pərdələməyə çalışan ABŞ-ın, Aİ-nin, Fransanın, Almaniyanın əli və izləri var.

Xuraman İsmayılqızı, “İki sahil”