06 noyabr 2024 00:58
195

Bir əngəldən doğan yüz əngəl...

Sərhədlərin müəyyən edilməməsi problemlərin aradan qaldırılmasına imkan vermir

Son aylarda Ermənistan-Azərbaycan sərhədlərində delimitasiya və demarkasiya işlərinin gedişatı hər iki ölkənin mətbuatının gündəmində əsas yer tutur. Əlbəttə, bu, vacib məsələdir və həllini tapmalıdır. Doğrudur, Ermənistan tərəfi indiyədək boş sözdən o yana keçməsə də, artıq İrəvanda anlayırlar ki, vaxtı uzatmaları elə onların özlərinin ziyanlarına işləyir. İlk növbədə Ermənistan yenə də blokadada qalmaqda davam edəcək. İqtisadiyyat yerində sayacaq, dünya dövlətləri arasında yararsız ölkə kimi tanınacaq. Ona görə də bu sahədə nəzərdə tutulan və yarımçıq qalan işlərin həyata keçirilməsi istiqamətində real addımlar atmağa hazırlaşırlar. Dövlət rəhbərləri vaxtaşırı bu barədə danışır, məlumat verirlər.

“Bir çox ikitərəfli məsələləri həll etməmişik, siyasi iradə olarsa, bütün bu məsələləri həll etmək olar. Hesab edirəm ki, davam edən müzakirələr də buna yönəlib. Sərhədin delimitasiya və demarkasiyası prosesinin növbəti mərhələsi Sünik vilayətində  keçirilə bilər."

 Bu fikri yerli mətbuata Ermənistan parlamentinin spikeri Alen Simonyan söyləyib. Spiker jurnalistlərin delimitasiya prosesinin hansı ərazidə davam etdiriləcəyi ilə bağlı suallarını da cavablandırıb: “Hər şey mümkündür. Davam etmək üçün əsas ola biləcək müxtəlif arqumentlər, əsaslar, suallar var. Şimalda, cənubda davam etmək mümkündür. Ümumilikdə Sünikdən, yaxud daha konkret olan hansısa hissədən başlamaq da mümkündür. Bununla bağlı müzakirələr gedir. 12, 50 və ya 100 kilometrlik sərhədimizin bərpası tariximizin mühüm məsələsidir, bunu həll etsək, hamımız razı olmalı və şükür etməliyik”.

Əlbəttə, ermənilər min dəfə şükür etməlidirlər. Əvvəllər orada-burada sərgərdan həyat sürən haylar İki yüz məskunlaşdıqları Azərbaycan ərazisində indi sərhədləri tanınan dövlətə malik   olacaqlar. Bunun üçün haylar əllərini sinələrində çarpazlaşdırmalı, rus çarlarının goruna and içməli, ruhları qarşısında baş endirməlidirlər. Çünki bu gün Azərbaycan torpaqlarında onlara zorən dövlət quran məhz onlar olublar. Hələlik bunlar bir yana qalsın, qayıdaq mövzuya.

Azərbaycanla danışıqların gedişindən danışan Simonyan qeyd edib: “Bir çox ikitərəfli məsələləri həll etməmişik, siyasi iradə olarsa, bütün bu məsələləri həll etmək olar. Hesab edirəm ki, davam edən müzakirələr də buna yönəlib”.

Ancaq Simonyan açıqlamadı ki, "siyasi iradə” onlarda yoxdur, "bir çox ikitərəfli məsələlərin həll edilməməsinin" günahkarı da Ermənistanın xamilyon rəhbərləridir. Zəngəzur yolunun açılmasında maraqlı olan dövlətlərin təzyiqindən qorxan bu başabəla başçılar sərhədlərin demarkasiyası və delimitasiyasını "ölü nöqtə"dən çıxarmağa məcbur qalıblar. ABŞ, Türkiyə və digər bir neçə dövlət Zəngəzur yolunun açılmasını nəinki region ölkələri üçün, eyni zamanda Orta Asiya ölkələri üçün də sərfəli olacağını qeyd ediblər. İş o yerə çatıb ki, Zəngəzur dəhlizini özünün “qırmızı xətti” elan edən İran da nəhayət, bu yolun açılmasına razı olduğunu bildirib. Beləliklə, İrəvanda anlayırlar ki, nəhəng nəqliyyat dəhlizinin tezliklə açılması beynəlxalq ictimaiyyətin maraq dairəsindədir. Daşnak təfəkkürü onlara başa düşməyə imkan vermir ki, Zəngəzur yolunun açılması ilə hər il külli miqdarda gəlir götürə bilərlər. Təkcə bir misalla bu gəlirlərin həcmini görmək olar. İqtisadi ekspertlərin qənaətincə, Naxçıvanı təbii qazla təmin etmək üçün onların ərazisindən boru çəkilərsə, tranzit haqqının əvəzi həm pulla, həm də qazla ödənər - Gürcüstanda olduğu kimi. Ancaq Azərbaycana qazla ödəniş daha sərfəlidir. Bu, Ermənistana da sərfəlidir. Belə ki, Naxçıvandan hələ Sovet dövründə İrəvana qədər 70 kilometr uzunluğunda magistral qaz kəməri çəkilib, dairəvi infrastruktur yaradılmışdı. İndi də tranzit haqqı kimi hesablanan qaz həmin kəmərlə Ermənistanın digər ərazilərinə ötürülə bilər. Naxçıvana onların ərazisindən boru çəkilsin, tranzit haqqının əvəzi qazla ödənsin - Gürcüstanda olduğu kimi. Naxçıvandan hələ Sovet dövründə İrəvana qədər 70 km uzunluğunda magistral qaz kəməri çəkilib, dairəvi infrastruktur yaradılmışdı. İndi də tranzit haqqı kimi hesablanan qaz həmin kəmərlə Ermənistanın digər ərazilərinə ötürülə bilər. 

İndiyədək beynəlxalq layihələrdən kənarda qoyulan Ermənistanın başçıları ancaq onu başa düşüblər ki,  bu işi çox da gecikdirmədən başa çatdırmasalar başlarına enəcək "dəmir yumruqlar"ın sayı artacaq, onlar qınaq obyekti olacaqlar. Bu isə onsuz da başıqapazlı kiçik bir ölkəyə başqa bəlalar da gətirə bilər.

Vəli İlyasov, "İki sahil"