06 noyabr 2024 23:56
207

Əli Kərimlidə “La Gazette du Caucase” qədər mənlik, təəssüb, ədalət yanğısı, həqiqət duyğusu olsaydı…

Mübaliğəsiz demək olar ki, hazırda dünyanın gözü iki mühüm paytaxta- Bakıya və Vaşinqtona dikilib. Bildiyimiz kimi, noyabrın 5-də dünyanın super hərbi və iqtisadi gücü olan, demək olar ki, bütün qitələrin taleyinə təsir edən, yeni dünya nizamının qurulmasında həlledici rol oynayan ABŞ-da növbəti prezident seçkiləri baş tutdu. Bu mənada okeanın o tayındakı bu mühüm siyasi kampaniya bütün dünyada-Pekində, Londonda, Parisdə, Moskvada, Tehranda, Təl-Əvivdə, Əbu-Dabidə, bir sözlə, dünyanın hər köşəsində ciddi müzakirə mövzusuna çevrilib.

Öz növbəsində Bakı hər şeydən əvvəl XXI əsrin ən böyük probleminə çevrilən, bütün bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə həsr olunan beynəlxalq əhəmiyyətli tədbirin keçiriləcəyi məkan kimi dünyanın diqqət mərkəzinə çevrilib. Bir neçə gündən sonra dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların təmsilçilərinin iqlim dəyişmələri üzrə dünyamiqyaslı alimlərin, ekspertlərin iştirakı ilə keçiriləcək COP29 konfransında atmosferə buraxılan zərərli tullantıların azaldılması, atmosferin, ətraf mühitin çirklənməsi, ərzaq təhlükəsizliyini təhdid edən su qıtlığı, quraqlıq, səhralaşma, biomüxtəlifliyin itirilməsi, daşqınlar, eləcə də iqlim dəyişikliyinə daha həssas ölkələrə maliyyə dəstəyinin təmin edilməsi kimi həyati əhəmiyyətli məsələlər müzakirə olunacaq. 

Burada bir məsələni də xüsusi ilə vurğulamaq istərdik ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası qlobal istiləşmə ilə bağlı ilk hökumətlərarası ekoloji sazişdir. Müqavilə insan tərəfindən törədilən ətraf mühit problemlərinin iqlimə təhlükəli təsirləri olduğunu qəbul edərək, atmosferdəki istixana qazlarının nisbətlərini azaltmaq və bu qazların mənfi təsirlərini minimuma endirərək, müəyyən səviyyədə saxlamaq məqsədi daşıyır.

Nə yazıq ki, bu gün iri sənaye mərkəzlərinin toplandığı, ətraf mühiti, suyumuzu, torpağımızı, havamızı sənaye tullantıları ilə çirkləndirən, yaşıllıqları məhv edən, iqlim tarazlığını pozub atmosferin 2,5 C istiləşməsinə yol açaraq təbiət hadisələrinin intensivləşməsinə, fəlakətlərin baş verməsinə səbəb olan bəzi qüvvələr öz çıxarlarına, qlobal və regional maraqlarına görə Bakıda keçiriləcək planetar əhəmiyyətli tədbir ərəfəsində belə ölkəmizə qarşı çirkli niyyətlərindən əl çəkmirlər. Erməni lobbisinin təsiri altında olan həmin dairələr inhisarlarında olan media vasitələri, mərkəzlər, eləcə də çirkli pullarla ələ aldıqları ölkəmizdəki radikal müxalifət nümayəndələrindən-AXCP sədri Əli Kərimlidən, onun başıpozuq dəsətəsindən, “Milli Şura” adlı antimilli qurumun rəhbəri Cəmil Həsənlidən, müxtəlif bəhanələrlə ayrı-ayrı Qərb ölkələrində sığınacaq tapan təsir agentlərindən-Arif Yunusdan, Arif Şahmarlı, Sevinc Osmanqızı və Qənimət Zahid kimilərdən istifadə edərək Azərbaycana qarşı “qara piar” kampaniyası aparırlar.

Ancaq məlum qərəzli daiələr bir şeyi unudurlar ki, onların şantaj, təhdid, əsassız ittiham, iddiallarla dolu təzyiq və təhdid kampaniyasına məhəl qoymayan, belə bir mötəbər tədbirin uğurla təşkil olunması üçün ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla sıx əməkdaşlıq edən Azərbaycan iqlim dəyişmələrinə həsr olunan konfransı ən yüksək səviyyədə təşkil edəcək. Bu da öz növbəsində qərəzli, məkrli dairələrin ölkəmizə qarşı COP29 ədalətsizliyinə çox tutarlı cavab olacaq. Yeri gəlmişkən, özlərini Cənubi Qafqazda barışın, əməkdaşlığın tərəfdarı kimi göstərməyə çalışan həmin qüvvələr deyəsən, unudurlar ki, COP29-un gündəliyinə daxil edilmiş 14 böyük təşəbbüsün biri də məhz sülhün, əməkdaşlığın və dialoqun təbliğidir.

O da var ki, dünya yaxşılardan xali deyil. Belə ki, iqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün kollektiv səylərin təşviqində nümunəvi liderlik nümayiş etdirən Azərbaycana COP29-la bağlı verilən dəstəyin miqyası gündən-günə genişlənir. Məsələn, bir müddət əvvəl İtaliyada G7 ölkələrinin Vətəndaş Cəmiyyəti Sammitində iştirak edən bir sıra QHT-lər COP29 ölkəsi kimi Azərbaycana dəstək bəyanatı yayıb. Bundan başqa, BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında iştirak edən xarici QHT-lərdən bir qrupu - 128 xarici QHT də Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində fəaliyyətini alqışlayan bəyanat yaymışdı. Mətbuatda dərc olunan məlumatlara görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.

Bu günlərədə Fransanın “La Gazette du Caucase” onlayn-nəşri öz məqaləsində noyabrın 5-də Parisin Trokadero meydanında COP29-un Azərbaycanda keçirilməsinə qarşı etiraz aksiyası keçirən Fransadakı erməni təşkilatlarının hərəkətlərini pisləyib. Nəşr qeyd edib ki, Fransada erməni qruplaşmalarının davam edən nümayişləri yalnız dezinformasiyaya xidmət edir. “La Gazette du Caucase” Fransa mediasının “tanınmış simaları” adlandırılan şəxslərin, o cümlədən “Le Figaro” jurnalının baş redaktor müavininin bu etirazlara dəstək verməsinə diqqət çəkib.

Məqalədə Bakıda erməni separatçılarının həbsinə də münasibət bildirilib. Onların “siyasi məhbus” deyil, ağır cinayətlərdə, o cümlədən kütləvi qırğınlarda və mütəşəkkil cinayətlərdə iştirak edən şəxslər olduğunu qeyd edib. Erməni qruplaşmaları bu insanları qondarma “siyasi repressiya qurbanları” kimi təqdim etməyə çalışırlar.

Əhsən sənə, “La Gazette du Caucase”! Dedik axı, dünya yaxşılardan, ağı-qaradan seçməyi bacaranlardan, ən əsası isə haqqın, ədalətin yanında duranlardan xali deyil. Buradaca beynimdən ani bir fikir keçdi: Kaş ki erməni lobbisinin əlaltılarına qulbeçəlik edən dairələrlə işbirliyinə girib COP29-a sayılı günlər qalmış ölkəmizə qarşı qarayaxma kampaniyası aparan antimilli ünsürlərdə, Ə.Kərimli kimilərdə “La Gazette du Caucase” qədər mənlik, ədalət yanğısı, həqiqət duyğusu olaydı…

Zahid Rza, “İki sahil”