07 noyabr 2024 11:15
333

Xalqın unudulmaz qəhrəmanları

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsinin hər saatında, hər dəqiqəsində ancaq və ancaq irəliyə, qələbəyə doğru mətin addımlar atan şanlı Azərbaycan Ordusu xalqımıza 8 noyabr Zəfərini bəxş etdi. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu layiqincə və yüksək səviyyədə davam etdirən Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə atdığı bütün addımlar, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin gücləndirilməsinə yönəldilmişdi. 44 günlük Vətən müharibəsinə qədər göstərilən bütün fəaliyyətlər bir amala xidmət edirdi - Azərbaycan xalqı öz torpaqlarını azad etsin, düşmən torpağımızdan qovulsun və biz buna nail olduq.

Vətən torpaqlarının işğaldan azad edilməsi istiqamətində atılan ən əsas addım heç şübhəsiz ki, güclü Silahlı Qüvvələrin yaradılması idi və xalqımız bu məqsədə Cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində nail oldu. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. 8 noyabr Zəfəri həm də ölkəmizin yeni tarixində yeni bir inkişaf səhifəsi açmış oldu. Artıq ölkə başçımızın rəhbərliyi altında post-konflikt quruculuğunun əsas istiqamətləri dəqiq müəyyənləşdirilmişdir və uğurla, planlı şəkildə həyata keçirilir. Bu canımız və qanımızdan da dəyərli olan Azərbaycanımızın yeni inkişaf  mərhələsidir. Xalqımızın milli ideyası olan “Böyük Qayıdış” uğurla reallaşmaqdadır.

Böyük qələbənin əldə olunmasında müqəddəs şəhidlərimizin və o cümlədən də qazilərimizin oynadıqları rol əvəzsizdir. Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmuşdur. Şəhid ailələrinə diqqət və qayğı dövlət başçımızın hər zaman xüsusi diqqətində olan məsələdir. Çünki hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Sağlamlığını itirmiş, yaralanmış qazilər də dövlətimizin daimi qayğısı ilə əhatə olunmuşlar.

Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçımız Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6200 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib.

19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi