07 noyabr 2024 23:30
254

Antimilli ünsürlərin növbəti məkri

Yaxud xaotik özfəaliyyət, yoxsa pərdə arxasından idarə olunan məqsədli proses?...

Heç kimə sirr deyil ki, bəşəriyyəti, bütün tərəqqipərvər qüvvələri narahat edən iqlim dəyişikliyi ilə bağlı COP29 kimi genişmiqyaslı beynəlxalq tədbirin öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən, regionda əsas nüfuz və söz sahibinə çevrilən Azərbaycanda keçirilməsi Qərbdəki bəzi məkrli dairələri və erməni lobbisini bərk narahat edir. Buna görə də həmin qüvvələr ölkəmizdə keçiriləcək COP29 ərəfəsində Azərbaycana qarşı müxtəlif qarayaxma kampaniyalarını gücləndirmək, necə deyərələr, ona “yeni çalarlar” əlavə etmək üçün daxildəki antimilli ünsürlərdən məharətlə istifadə edirlər. Onu da yaxşı bilirik ki, məlum qərəzli dairələr belə işlərdə adətən səxavətlərini əsgirgəmirlər. Ölkəmizə qarşı bu cür üzdəniraq kampaniyaların pradiqmalarına diqqət edəndə aydın görünür ki, Azərbaycan əleyhinə çağırışların, “qara piar” kampaniyasının arxasında Qərbdəki ermənipərəst dairələr dayanır.

Antimilli ünsürlər COP29 ərəfəsində sosial şəbəkələrdə şər, böhtan maşınlarını işə salaraq düşmən dəyirmanına su tökməkdə davam edirlər. Qərəzli xarici dairələrin miskin əlaltısına çevrilən AXCP sədri Əli Kərimlinin və onun dəstə üzvlərindən Fuad Qəhrəmanlının, Gültəkin Hacıbəylinin, İlham Hüseynin, Seymur Həzinin və digərlərinin COP29-a sayılı günlər qalmış sosial şəbəkə seqmentlərində necə deyərlər, “fəallaşamaları”, “siyasi məhbus”, “insan haqları”, ölkəmizdəki seçkilərlə bağlı əsassız iddialar irəli sürmələri bəzi qaranlıq mətləblərə işıq tutmağa imkan verir.

Bütün əxlaq normalarını, prinsip və ideallarını heçə sayan, xarici xüsusi xidmət orqanlarının qarmağına keçərək onlara köləlik edən, zombiləşərək dövlətəmizə, dövlətçiliyimizə, xalqımıza qarşı düşmənçilik yolunu tutan bu ünsürlər erməni lobbisi və bədxahlarımızla eyni müstəvini bölüşürək onların təlimat və tapşırıqlarını yerinə yetirir. Ermənipərəst dairələrə qulbeçəlik edən bu mənəviyyatsız muzdlu kölələr ölkəmizə qarşı yenə kin qusaraq, nifrət püskürərək, sözün həqiqi mənasında dərin əxlaqi-mənəvi və psixoloji sarsıntılar içində çapaladıqlarını bir daha biruzə veriblər.

Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu qaragüruhçuların, eləcə də ayrı-ayrı Qərb ölkələrində mühacir adı ilə məskunlaşan Tural Sadıqlı, Qənimət Zahid, Sevinc Osmanqızı kimilərin sosial şəbəkələrdəki antimilli çıxışları, “moizələri” bir daha təsdiq edir ki, əslində bütün bunlar merkantil bir şəbəkənin xaotik özfəaliyyəti yox, erməni lobbisinin təsiri altında olan qüvvələrin çox ustalıqla pərdə arxasından idarə etdikləri nizamlı və məqsədli bir prosesdir. Daha doğrusu, ölkəmizə qarşı əxlaqsızcasına aparılan informasiya müharibəsidir. Təbii ki, bütün bunların təməlində ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən məlum dairələr dayanır. Öz çirkin niyyətlərini gerçəkləşdirmək istəyən bədxahlarımız bu işdə radikal müxalifətdəki ünsürlərdən ustalıqla istifadə edirlər.

Tam çılpaqlığı ilə demək olar ki, onların dərdi COP29, demokratiya, azad seçkilər, filan deyil. Bu üzdəniraqların əsl məqsədi ermənilərin, ermənipərəst qüvvələrin dəyirmanına su tökərək ölkəmizdəki sabitliyi pozmaq, xaos, anarxiya yaratmaq, necə deyərlər, bulanıq suda balıq tutmaqdır. Əsla və əsla buna nail ola bilməyəcəklər. Çünki bu gün azadlıq və sabitlik adası olan Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi vardır. Təəssüf ki, bütün bu nailiyyətləri dağıdıcı, inkarçı müxalifətin başbilənləri anlamaq istəmirlər.

Cəmiyyətimiz yaxşı bilir ki, “Eurovision-2012”, I Avropa Oyunları, IV İsalam Həmrəyliyi oyunları, eləcə də ölkəmizdə reallaşdırılan digər beynəlxalq tədbirlər ərəfəsində və bu tədbirlərin davam etdiyi vaxtlarda da erməni lobbisi və anti-Azərbaycan qüvvələr, onların təsiri altında olan media qrupları, məlum dairələrin “sapı özümüzdən olan baltalar”ı- trolları fəallaşaraq Azərbaycana qarşı qarayaxma kampaniyasının miqyasını genişləndirmişdilər.  Bu üzdəniraq qüvvələr o zaman da respublikamızla bağlı doğru olmayan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında həqiqətdən uzaq, şər-böhtan dolu fikirlər formalaşdırmaq üçün ən çirkin vasitələrdən istifadə edirdilər. O zaman da onların əsas məqsədi ölkəmizin beynəlxalq aləmdəki imicinə ləkə yaxmaq idi.

Təbii ki, antimilli ünsürlərin COP29 ərəfəsində bu cür üzdəniraq fəaliyyətləri heç bir nəticə verməyəcək. Emənipərəst qüvvələrin əlində alətə çevrilən məlum ünsürlərin antimilli fəaliyyətləri əvvəllər olduğu kimi, iflasa uğrayacaq. 

Zahid Rza, “İki sahil”