07 noyabr 2024 19:05
210

Cəbrayıl rayonunda əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl şəhərində əmək yarmarkası təşkil edib.

Bu barədə "İki sahil"ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan 5 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə 125 vakansiya təqdim olunub.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri işəgötürənlərlə görüşüb, təqdim edilən vakansiyalarla maraqlanıblar.

Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

İştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramları barədə məlumatlar da verilib, həmçinin özünüməşğulluq proqramına, peşə hazırlığına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.