08 noyabr 2024 08:28
216

Zəfərimizin və qürurumuzun dörd ili

Qalib və qürurlu xalqıq!

Şanlı Qələbəmizin dördüncü ildönümünü  böyük qürurla, sevinc hissi və ruh yüksəkliyi ilə qeyd edirik.

Dörd il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi  rəşadətli Azərbaycan Ordusu  44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi, "döyükən erməni hərbiçisi" mifini fərari erməni hərbiçisi reallığı ilə dəyişdirdi, işğalçı  Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, yenilməz Azərbaycan Ordusu  bu şanlı Zəfəri ilə təkcə yeni tarix yazmadı, həm də yeni coğrafiya yaratdı!

Bu Qələbə nəticəsində ərazi bütövlüyümüz təmin olundu, suverenliyimizin ərazisi böyüdü, qəddimiz dikəldi, mili varlığımız ucaldı, qürurumuz böyüdü.

Haqqın təntənəsi, ədalətin zəfəri olan bu tarixi Qələbə həm də bəşəriyyəti "əzabkeş erməni xalqı" maskası arxasında gizlənmiş erməni faşizmindən xilas etdi.

Bu Qələbə Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi və diplomatik məharəti, səfərbəredici liderlik fəaliyyəti və şəxsi qəhrəmanlığı sayəsində əldə edildi.

Bu Qələbə milli birliyimiz sayəsində mümkün oldu və Azərbaycanı qüdrətli dövlət kimi dünyaya tanıtdı, dövlətimizi siyasi cəhətdən də böyütdü.  Bu Qələbə nəticəsində  beynəlxalq nüfuzumuz daha da yüksəldi, şöhrətimiz, hörmətimiz artdı. Bu Qələbə işğalçı Ermənistana və onun havadarlarına dərs verməklə yanaşı,  dünya hərb sənətinə yeni töhfələr verdi. Şuşanın işğaldan azad edilməsi isə müharibələr tarixində nadir uğurlu əməliyyat kimi hərb dərsliklərinə yazıldı. Bu Qələbənin davamı və məntiqi nəticəsi olaraq  2022- ci ilin 12- 13 sentyabrında qəhrəman Milli Ordumuz  düşmən nəzarətində olan bütün yüksəklikləri fəth edrək sərhədlərimizi bərpa etdi, 2023- cü il sentyabrın 19- da isə 23 saatlıq antiterror əməliyyatı nəticəsində milli suverenliyimizi təmin etdi. 44 günlük Vətən müharibəsi və postmüharibə dövrü bizə bir daha dostlarımızı da, bədxahlarımızı da tanıtdı.

Postmüharibə dövründə şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi təmin olunmuş,  Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində əhəmiyyətli işlər görülmüşdür.  Böyük Qayıdışın təmin olunması və daha geniş miqyasda davam etdirilməsi məqsədi ilə 4  ildə  dövlət büdcəsindən 20 milyard manata yaxın vəsait  ayrılmışdır. İşğaldan azad olunmuş şəhərlərimiz, kəndlərimiz yenidən qurulur, tikilir,  məcburi köçkün soydaşlarımız uzun illər həsrət qaldıqları  ata-baba yurdlarına dönürlər. Bu ilin sonuna 25 min soydaşımız  Qarabağa və Şərqi Zəngəzura qayıdıb məskunlaşacaqdır.

Bu Qələbə, bu əzəmət, bu qürur, qayıdış  sevinci üçün  qəhrəman şəhidlərimizə və qazilərimizə borcluyuq. Bədxahlarımızın, xüsusi ilə Fransanın  terrorçu Ermənistana patoloji tərəfkeşliyinə rəğmən , biz məğlub  Ermənistanı sülh müqaviləsi ilə bağlı bütün öhdəliklərini yerinə yetirməyə məcbur edəcəyik.

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Onun planlaşdırdığı, lakin həyata keçirməyə imkan tapa bilmədiyi bütün işləri, xüsusən torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması problemini oğlu və siyasi varisi Prezident İlham Əliyev böyük uğurla həyata keçirmişdir və bu siyasət davam etməkdədir.  Cənab İlham Əliyev tarixi Qələbə əldə etməklə həm də regionun reallığını və taleyini dəyişdi, yeni çağırışlara imza atdı.

Bu çağırış işıqlı sabahların, tərəqqinin,  rifahın təntənəsi, güdrətli dövləti olan xoşbəxt və qürurlu xalqın səsidir!

Bu gün Azərbaycan bölgənin titul dövləti və söz sahibidir. Azərbaycanın Prezidenti təkcə bölgə ilə bağlı  deyil, dünyanın siyasət müstəvisində müxtəlif platformalarda qarşıya real məqsədlər qoyur və həll edir.  Bu gün Cənubi Qafqazda zaman Azərbaycan saatı ilə işləyir. Mən qəti əminəm ki, cənab Prezident İlham Əliyevin səyləri ilə bölgədə ədalətli və əbədi sülh bərqərar olacaq, əməkdaşlıq və tərəqqi başlayacaqdır. Bütün kommunikasiyalar açılacaq, Zəngəzur dəhlizi də işə düşəcək və biz Zəngəzurdan keçərək tarixi mədəniyyət və dövlətçilik paytaxtımız olan gözəl İrəvan şəhərimizə və digər yurdlarımıza  gedəcəyik.

Bayramımız mübarək olsun!

Zəfərimiz mübarək və davamlı olsun!

Musa Urud,
Milli Məclisin deputatı