Bayraq hər bir millətin və milli dövlətin mühüm atributiv rəmzlərindən biridir. Başqa sözlə, müstəqil dövlətçiliyin mühüm göstəricilərindən biri olan bayraq bu və ya digər millətlərin, xalqların dövlətçilik ənənələrini, milli dəyərlərini əks etdirən atributdur. Bu baxımdan, bütün xalqların və millətlərin timsalında bayraq müstəqilliyin və milli dövlətçiliyin əsası kimi səciyyələndirilir.
Hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində ifadə olunur
Ümumiyyətlə, hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzlərində ifadə olunur. Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur. Bayrağın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərir. Azərbaycan bayrağı üzərindəki mavi, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verir.
Bu, bir həqiqətdir ki, əsrlər boyu Azərbaycan xalqı müstəqil dövlət qurmaq, onun atributlarını qoruyub saxlamaq arzusunda olub. Lakin Azərbaycanın yerləşdiyi ərazinin geosiyasi əhəmiyyəti hər zaman böyük dövlətlərin buraya olan marağını artırıb. Ona görə də Azərbaycan uzun əsrlər boyu böyük dövlətlərin işğalına məruz qalıb, əsarət altında, məhz həmin güclərin bayraqları altında yaşamaq məcburiyyətində olub. Amma tarixinə, milli adət-ənənələrinə, zəngin mədəniyyətinə bağlılığı Azərbaycan xalqının dövlətçilik ənənələrinin məhv olmasına imkan verməyib. I Dünya müharibəsindən sonra xalqımız müstəqil dövlət formalaşdırmaq şansı əldə edib və dövlətçilik ənənələrinin yaşadılması istiqamətində tarixi addımlar atıb.
Müasir, müstəqil Azərbaycan Respublikasının milli dövlətçilik ənənələri və dəyərləri müstəqilliyimizin atributiv rəmzi olan bayrağımızda əks olunmuşdur
Üçrəngli bayrağımız xalqımızın azadlığı, suverenliyi, öz istiqlalı uğrunda apardığı mübarizəsini, milli mənsubiyyətini tərənnüm edir.Bu gün bizim hamımız - hər bir azərbaycanlı xüsusi iftixar duyur, qürur hissi keçirir. Çünki “9 Noyabr – Dövlət Bayrağı Günü”dür. Bu gün bayrağımız işğaldan azad olunan ərazilərimizdə, Şuşa, Xankəndi , bir sözlə suveren Azərbayacanın hər bir yerində qürurla dalğalanır.
2009-cu il noyabrın 17-də ölkə başçısı İlham Əliyev 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalayıb. Ən müqəddəs rəmzlərdən sayılan bayraq millətin varlığının, mövcudluğunun təsdiqi, müstəqil dövlət qurmaq və onu qorumaq bacarığının əsas göstəricisidir. Bayraq həm də dövlətin və xalqın azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, tarixinin ən real ifadəsidir. Şair deyib ki:
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurduma öz hakimliyim.
Üçrəngli, ay-ulduzlu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. O, ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə qəbul edilib. Uzun illər sonra, 1990-cı il noyabrın 17-də ulu öndər Heyər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında isə muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən də təsdiq edilib. Bayraq Günü, hər bir vətəndaş üçün ölkənin simvollarına, milli dəyərlərinə və müstəqilliyinə olan sevgisini ifadə etmək üçün bir imkandır. Bayraq, yalnız bir parça deyil, o, bütün Azərbaycan xalqının qürurudur və müstəqil Azərbaycanın hər bir vətəndaşının ürəyindəki vətən sevgisinin rəmzidir. Bu gündə bayrağımızı qürurla dalğalandırmaq, vətənə olan bağlılığımızı daha da möhkəmləndirir. Üçrəngli bayrağımız mənliyimizin, öz dövlətimizə hakimliyimizin atributudur.
Sadalananlar onu deməyə əsas verir ki, Ulu öndər Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Vətənin müdafiəsi zamanı həlak olmuş şəhidlərimiz torpağa tapşırılarkən onlar uğrunda canlarını fəda etdikləri bayrağa bükülürlər.
Bu gün ölkəmizin hər yerində ucalan 3 rəngli bayraq xalqımızın öz milli dəyər və rəmzlərinə,vətənə hədsiz sevgisinin nümunəsidir. Azərbaycan bayrağı dünyanın ən nüfuzlu təşkilatlarında, müxtəlif beynəlxalq tədbirlərdə dalğalanır, mötəbər idman yarışlarında zirvələrə ucalır. Ölkəmiz milli dövlət bayrağı altında prezidentimizin ətrafında daha sıx birləşərək müstəqillik yollarında inamla irəliləyir. Bayrağımıza, Vətənimizə sonsuz məhəbbətin, inamın nəticəsidir ki, xalqımız, rəşadətli ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edib. Bu gün Azərbaycan əsgərinin şücaəti və hünəri sayəsində üçrəngli bayrağımız Qarabağda, bütün suveren Azərbaycan ərazisində qürurla dalğalanır.
Sevda Novruzova,
Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəbin tarix müəllimi