Azərbaycan Bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini bütün dünyaya nümayiş etdirir.
Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.Azərbaycanın üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə 17 noyabr 1990-cı ildə Naxçıvanda dalğalandırılıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlər müzakirə olunub.“Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunub. Bununla əlaqədar ümummilli lider Heydər Əliyevin imzaladığı Ali Məclisin qərarında deyilirdi:
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır:
1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
2) Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi - Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.
Ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 17 noyabr tarixli Qərarının taleyüklü əhəmiyyətini qeyd edərək deyib: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”.
Respublikamızın bütün guşələrində yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və ehtiramın göstəricisidir. 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməli qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun ümumi görünüşünə əlavə çalarlar qatıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Prezident İlham Əliyevin bayrağımızla bağlı fikirləri olduqca qürurvericidir. Dövlətimizin başçısı deyib: “Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Biz bu gün qürurluyuq. Çünki Vətən müharibəsində müzəffər Ordumuzun cəsarəti, peşəkarlığı, Ali Baş Komandanımızın qətiyyətli iradəsi sayəsində ərazi bütövlüyümüz təmin olunub, haqq-ədalət öz yerini tapıb. 200 illik taleyimizi dəyişən tarixi Qələbəmiz sayəsində bu gün əzəmətli Azərbaycan Bayrağı əzəli, qədim torpaqlarımızda dalğalanır. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsində ucalan Zəfər Bayrağımız əbədi dalğalanacaqdır.
Solmaz Çobanova,
48 saylı məktəbin müəllimi