08 noyabr 2024 10:50
241

Zəfər Günü Azərbaycan tarixinə əbədi həkk olundu

Azərbaycan Ordusunun geniş əks-hücumu nəticəsində Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Moskva şəhərində imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 

Bundan sonra, 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi. Bu müstəsna qələbəmizin əsasında Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda Müzəffər Ali Baş Komandan  Prezident İlham Əliyev tarixi sərəncam verdi.  Bu sərəncamla Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbənin – Zəfər Gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alındı.

Artıq 4 ildir ki, Azərbaycan xalqı 8 Noyabr tarixini Zəfər Günü kimi qeyd edir. Bu günün fəlsəfəsinə vardıqda böyük mətləblər, gələcək nəsillərə ötürülməsi vacib olan böyük bir irslə qarşılaşırıq. Əlbəttə, bu günün fəlsəfəsi, tarixi əhəmiyyəti, gələcək nəsillərimizin formalaşmasındakı əhəmiyyətinə keçməzdən öncə bir sıra mətləblərə toxunmaq istərdik.  2020-ci il sentyabrın 27-də başlanan və 44 gündən sonra bitən Vətən müharibəsi zamanı Ali Baş Komandanın əzəmətli sərkərdəliyi, dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı ilə erməni işğalına son qoyuldu. Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan dövləti və xalqı qalib olaraq dünya tarixinə öz möhürünü vurdu. Noyabrın 8-də üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması Ermənistanın bir əsrə yaxın əsirinə çevrildiyi “Dənizdən-dənizə, böyük Ermənistan” xülyasını iflasa uğratdı, yüz illik anti-türk siyasətinə sarsıdıcı zərbə vurdu, erməni diaspor və lobbi təşkilatlarının ümidlərini puç etdi. Bu qələbə regionumuzda yeni tarixi, siyasi, iqtisadi reallıqlar yaratdı. Məhz bu qələbəmizin sayəsində Azərbaycan diktə olunan tərəfdən diktə edən tərəfə çevrildi. 

Şübhəsiz ki, burada mühüm məqamı xatırlatmaq yerinə düşər. Milli Ordumuzun bu səviyyəyə gəlməsi məhz Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşmışdı və bir vaxtlar ulu öndərin dediyi kimi, biz doğma Qarabağ torpaqlarına mütləq qayıdacağıq tezisini illər sonra gerçəyə çevirmişdi. Şübhəsiz ki, Şuşa azad edilərkən Ali Baş Komandanın çıxışında dediyi ata vəsiyyətini yerinə yetirməsi danılmaz gerçəklik idi.  Danılmazdır ki, bu gün Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı baxımından regionun ən güclüsüdür.

44 günlük müharibənin parlaq zəfərlə bitməsinin başlıca səbəblərindən biri də yuxarıda qeyd etdiyimiz kimi,  xalqımızın hər bir fərdinin  Ali Baş Komandan və ordumuzun ətrafında sıx birləşməsi idi.  10 minlərlə insanın könüllü olaraq ordu sıralarına yazılması,  yaşlı təqaüdçülərimizin öz pensiyalarını silahlı qüvvələrimizin  yardım fonduna köçürməsi, iş adamlarımızın ordumuza təmənnasız ianələr etməsi həmin günlərin qürurlu və duyğusal anları idi. Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” ifadəsi milli birliyimizin və gücümüzün rəmzinə çevrilmişdi. Həqiqətən də ordumuzun qüdrəti dəmir yumruq kimi düşmənin başına, düşmənin planlarının üzərinə zərblə çırpılmışdı. Bu həm də  etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarının birləşdiyi, ulu öndərin bizlərə əmanət olaraq qoyduğu Azərbaycançılıq məfkurəsinin  müvəfəqiyyəti idi. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!

Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının üzvü