08 noyabr 2024 11:55
315

Regionda tam yeni reallıq yaradan Bəyanat

Dörd il əvvəl 2020-ci  il noyabr ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin  və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra hər üç dövlərin başçısı birgə Bəyanat imzalamaqla 44 günlük Vətən müharibəsinin başa çatmasını və Ermənistanın bu müharibədə məğlubiyyətini rəsmiləşdirdilər. Məhz bu bəyanatla Ermənistanın Dağlıq Qarabağ regionunda təxminən 30 il davam etmiş işğalına son qoyuldu. İmzalanan bəyanat, əslində, Ermənistanın kapitulyasiya aktına imza atması idi.

Bununla da münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Prezident, Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Bəyanatın imzalanması ilə bir sıra siyasi, diplomatik və iqtisadi uğurlar əldə edildi. Qısa müddətdə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Bəyanatda Qarabağa heç bir status verilmədi. 132 km uzunluğunda Azərbaycan-İran Dövlət sərhəddi bərpa edildi. Artıq bu gün Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. Bəyanat imzalandıqdan sonra həm də iki dövlət arasında sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiya yaradıldı.

44 günlük Vətən Müharibəsinin yekunu ilə regionda yeni realliqlar yarandı. Bu gün “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Azərbaycanın maraqlarına cavab verənüçtərəfli Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və bununla da “Böyük Ermənistan” planı fiaskoya uğradı.

Bütün dünya dörd il əvvəl Azərbaycan xalqının birliyi və siyasi həmrəyliyinin şahidi oldu. Vətən müharibənin yekununda itirilmiş ərazilər tamamilə qaytarıldı. Uzun  illər davam edən münaqişə başa çatdı və torpaqlarımız işğaldan azad olundu. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.

Vətən müharibəsinin başa çatmasından 3 il sonra – 2023-cü il sentyabrın 19-da cəmi bir gün davam edən Lokal Antiterror tədbirləri nəticəsində Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin qaldığı digər ərazilərimiz də tam şəkildə Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

2023-cü il oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı.

Artıq Qarabağ tam azaddır. Burada genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Qəbul edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması işləri uğurla həyata keçirilir. Müharibədən dərhal sonra Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpası üçün 1,3 milyarddan çox vəsait ayırmışdı və qısa müddət ərzində işğaldan azad olunmuş şəhərlər və qəsəbələrdə bu vəsait hesabına quruculuq işləri aparılır, tarixi abidələr, muzeylər, məscidlər və s. bərpa olunur.  Azad edilmiş rayonlarda böyük ərazilərdə  minlərlə partlamamış hərbi sursat zərərsizləşdirilib və bu işlər davam edir.

Gələcəkdə isə bu ərazilərdə bərpa quruculuq işlərinin daha geniş vüsət almasının şahidi olacağaqıq. Böyük Qayıdış Proqramının icra olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”.

İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü