08 noyabr 2024 12:49
364

Xüsusi ehtiramın ifadəsi

Doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsinin hər günü və hətta hər saatı şanlı bir tarixdir. Bu şanlı tarixi günlərin zirvəsində isə heç şübhəsiz ki, alınmaz qala hesab olunan Şuşa şəhərinin düşmən işğalından azad edilməsi dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərində qeyd edirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə icra etdi. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndər Heydər Əliyevin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 12-ci və 13-cü bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2632 nömrəli Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Həmçinin Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən 8 Noyabr – Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.

2023-cü il sentyabrın 25-də Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.

Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. 

Düşmən işğalından azad edilmiş şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin ölkəmizə qətiyyətli rəhbərliyi və müdrik xalqımızın iradəsi ilə ən gözəl şəkildə bərpa edilir. Bütün bu bərpa prosesinə ölkə başçımız şəxsən nəzarət edir, lazımi tövsiyyə və tapşırıqlar verir. Cənab İlham Əliyevin Şuşa şəhərinə səfərləri çox yaddaqalan olur. Şuşaya çoxsaylı səfərlər edən dövlət başçımız burada çoxsaylı obyektlərin təməlqoyma, bir çox vacib tədbirlərin açılış mərasimlərində yaxından iştirak edir, tarixi abidələrdə aparılan bərpa işlərinin gedişatı ilə ətraflı tanış olur. Şuşamız qazandığımız qələbələrimizin rəmzi, Liderimiz, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyev isə bu qələbələrin memarıdır.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini