09 noyabr 2024 11:34
298

Azərbaycan Dövlət Bayrağı - Milli kimliyimizin əbədi rəmzi

Cənab Prezident İlham Əliyevin 2009 – cu il 17 noyabr tarixində imzaladığı Sərəncamla hər il noyabrın 9 – u  Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu əlamətdar gün, yalnız bayrağımızın əzəmətini deyil, eyni zamanda, xalqımızın milli kimliyini, azadlıq və müstəqillik uğrundakı mübarizəsini özündə təcəssüm etdirir. Üçrəngli bayrağımız xalqımızın  tarixi, dəyərləri və milli mənəviyyatının ayrılmaz parçasıdır. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, Azərbaycan Silahlı Qüvvələrinin hərbiçilərinin əzmi ilə Dövlət Bayrağımız  artıq 4 ildir ki, Şuşada, Laçında, Ağdamda, Ağdərədə , Xankəndində  - Vətənimizin bütün torpaqlarında böyük qürur hissi ilə dalğalanır, torpaqlarımızın əbədi sahiblərini, bütün dünyaya bir daha xatırladır.

Azərbaycan Respublikasının Dövlət Gerbi və Dövlət Himni ilə birlikdə Dövlət Bayrağı ölkəmizin milli rəmzləridir. Bayraq bir xalqın kimliyini, birliyini və milli suverenliyini  simvolizə edən ən vacib rəmzlərdən biridir. İstər tarixi bayramlarda, xalqımızın sevincli günlərində, Zəfər tədbirlərində, istərsə də dövlət-ictimaiyyət xadimlərinin, mədəniyyət nümayəndələrinin, eləcə də şəhidlərimizin dəfn mərasimində bayrağımızın həmin tədbirlərin əsas atributlarından birinə çevrilməsi göstərir ki, bayraq bizim üçün həm də milli həmrəyliyimizin rəmzidir.  Xalqın bayrağa olan sevgisi, birlik və vətənpərvərlik duyğularının göstəricisidir, ona görə də bayraq hər bir vətəndaş üçün müqəddəsdir və qorunması vacibdir.

Dövlətimizin üçrəngli bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il noyabrın 9-da rəsmi olaraq qəbul edilmiş, iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılmış və 1920 – ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.

Dövlət Bayrağımızdakı  üç rəng – mavi, qırmızı və yaşıl – hər biri ayrılıqda Azərbaycanın istiqlal ideologiyasını əks etdirir. Mavi rəng türk etnik mənsubiyyətimizi, kökümüzü ifadə edir. Qırmızı rəng inkişafı, modernliyi və irəliyə doğru hərəkəti simvollaşdırır. Yaşıl rəng isə İslam sivilizasiyasına olan mənəvi bağlılığımızı və dini dəyərlərimizi təcəssüm etdirir. Bu rənglərin ideoloji əsasını XX əsrin əvvəllərində  görkəmli Azərbaycan mütəfəkkiri  Əli Bəy Hüseynzadə tərəfindən ortaya qoyulmuş “Türkçülük, müasirlik və islamçılıq” prinsipi təşkil edir.

1990-cı il noyabrın 17-də Ulu Öndər, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmış, 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxan Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Bayraq günü olaraq məhz 9 noyabrın qeyd edilməsi isə Cənab Prezidentin varisi olduğumuz Xalq Cumhuriyyətinə verdiyi xüsusi önəmin göstəricisidir.

1991-ci ilin oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının müstəqil dövlət olaraq Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağı bərpa edildi.

Azərbaycanın üçrəngli bayrağı Konstitusiyanın 23-cü maddəsi və 2018-ci il “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”  Konstitusiya Qanunu ilə rəsmi şəkildə tənzimləndi. 2004-cü il 8 iyun tarixli “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanuna əsasən Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edildi. Bu qanun, Dövlət Bayrağının istifadəsi ilə bağlı tələbləri və məhdudiyyətləri müəyyən edtməklə yanaşı, bayrağın yalnız dövlət orqanlarında deyil, vətəndaşların həyatında da xüsusi yer tutmasını hədəfləyir. Bayrağa hörmətsiz yanaşma qanunla məsuliyyətə səbəb olur və hər bir Azərbaycan vətəndaşının bayrağa ehtiram göstərməsi tələb olunur.

Ulu Öndər Heydər Əliyev Dövlət Bayrağımızı xalqın ruhunun və dövlətin simvolu kimi dəyərləndirmiş, onun hər bir evdə, hər bir ailədə xüsusi yer tutmasını vacib hesab etmişdir. Ümumilli Liderimizin  dediyi kimi, “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik”. Bu sevgi, milli kimliyimizi və dövlətçilik dəyərlərimizi qorumağın ən ali ifadəsidir.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən torpaqlarda ilk qaldırılan rəsmi simvol məhz Dövlət Bayrağımız oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında bu tarixi qələbə, üçrəngli bayrağımızın işğaldan azad olunan hər bir bölgədə dalğalanması ilə nəticələndi. Azərbaycan hərbiçiləri hər bir kəndi və şəhəri işğaldan azad edərkən, üçrəngli bayrağımızı yüksəkdə dalğalandıraraq ərazi bütövlüyümüzü və milli suverenliyimizi təsdiq etdilər. Hər bir yüksəldilən bayraq işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycanın varlığının təntənəsidir və bu bayraq dalğalanmağa davam etdikcə, bu torpaqların əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha göstərir.

Azərbaycan bayrağı, sadəcə rəsmi atribut deyil, xalqımızın keçmişdən gələcəyə uzanan qürur dolu yolunun, milli kimliyimizin və müstəqillik uğrunda apardığımız mübarizənin rəmzidir. Hər birimiz bu bayrağın altında birləşərək, onun ucalığını və mənasını qorumalı, gələcək nəsillərə bu qürur hissini ötürməliyik.

Dövlət Bayrağı Günü münasibətilə hər bir azərbaycanlını təbrik edir, ölkəmizin daim müstəqil, güclü və firavan olmasını arzulayıram. Uca bayrağımız həmişə yüksəklərdə dalğalansın!

Ziyafət Əsgərov,
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini