09 noyabr 2024 22:25
274

BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin 19-cu Konfransının bağlanış mərasimi olub

Noyabrın 9-da Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Rəsmi Gənclər və Uşaqların Həmfikir Qrupu YOUNGO-nun birgə təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin 19-cu Konfransı (COY19) başa çatıb.

Bağlanış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

“İki sahil” xəbər verir ki, COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək gənclərin iqlim dialoqunda iştirakının önəmini vurğulayıb.

Daha sonra COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova iqlim fəaliyyətinə gənclərin cəlb olunmalarının vacibliyindən bəhs edib. BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier iştirakçıları iqlim proseslərində aktiv olmağa çağırıb. Sonda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının katibliyinin rəhbəri Nigar Bağırlı çıxış edərək COY19-un gənclərin iqlim dəyişikliyi ilə mübarizədə daha aktiv rol oynaması üçün böyük imkan yaratdığını bildirib.

Bağlanış mərasimində Qlobal Gənclər Bəyanatı rəsmi şəkildə təqdim edilib. Həmin sənəd COP29-da qlobal gənclər icmasının rəsmi mövqeyini təmsil edəcək və dünya liderlərinə gənclərin iqlim dəyişikliyi ilə bağlı çağırışlarını çatdıracaq.

Sonda müxtəlif ölkələrdən gələn gənclər öz mədəniyyətlərini nümayiş etdirib, milli rəqslər, musiqilər və geyimlərlə zənginləşdirilmiş bir atmosferdə bir araya gəliblər.