10 noyabr 2024 00:59
301

Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir

Türk xalqları tarix boyu çoxsaylı dövlətlər qurmuşlar. Böyük Hun, Qərbi Hun, Ağ Hun, Avropa Hun, Böyük Səlcuqlar, Osmanlı, Səfəvilər imperiyaları, Göytürk və Xəzər xaqanlıqları  kimi dövlətlər dünya tarixində əhəmiyyətli yer tutmuş, tarixin gedişatına yön vermişlər. Bu dövlətlərin varisləri hazırda Uzaq Şərqdən Balkanlaradək geniş bir ərazidə mövcudluqlarını milli dövlətlər formasında davam etdirirlər.

Məlumdur ki, II Dünya müharibəsi başa çatdıqdan sonra yeni beynəlxalq münasibətlər formalaşmağa başlamışdır. Almaniya və müttəfiqlərinin timsalında faşizm ideologiyasına qarşı birgə mübarizə aparan dövlətlərin sonradan  iki qütbə - sosializm və kapitalizm qütblərinə bölünməsi ilə “soyuq müharibə” dövrünə qədəm qoyulmuşdur. Orta Asiyada yerləşən türk ölkələri və Azərbaycan SSRİ tərkibində sosializm qütbünün təsir dairəsində qalmış, Türkiyə Cümhuriyyəti isə əsasən Qərb ölkələri ilə əməkdaşlıq quraraq, kapitalizm yolunu tutmuşdur. Təbii ki, bu tendensiya türk ölkələrinin mədəniyyətinə, iqtisadiyyatına, insanların dünyagörünə təsirsiz ötüşməmişdir.

SSRİ süqut etdikdən sonra onun tərkibindəki qeyd olunan türk dövlətləri müstəqilliklərini bərpa etdilər. Tarixi, etnik və dini bağlılıq, coğrafi yerləşmə bu ölkələrin bir-birinə yaxınlaşması üçün ciddi zəmin yaradırdı. Təbii ki, yaxın tarixi dövrdə dünyanın yeni beynəlxalq münasibətlərə keçid prosesi, yeni yaranmaqda olan beynəlxalq və regional güc mərkəzləri, yeni çağırışlar  yeni yaranacaq münasibətlər sistemində layiqli yer tutmaq türk dövlətlərinin birliyini şərtləndirən mühüm amillər kimi önə çıxmışdır. Bu gedişatı böyük siyasi uzaqgörənliklə oxuya bilən türk dövlətləri mədəni, iqtisadi, siyasi əlaqlər qurmaqla bərabər, institutsional səviyyədə tədbirlər də həyata keçirməyə başladılar.

Türk ölkələr arasında yeni münasibətəlaqələrin qurulmasına XX 90-cı illərinin əvvəllərindən başlanılmışdır.  1992-ci ildə türk ölkələrin dövlət başçılarının birinci Zirvə toplantısı baş tutmuş,  həmin vaxtdan etibarən ölkə başçıları davamlı olaraq görüşlər təşkil edərək əməkdaşlığın əsas prioritetləri və istiqamətlərini müzakirə etmişlər. Bu istiqamətdə ən vacib addımlardan biri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinin təsdiq edilməsi barədə Qanunu təsdiq etməsi olmuşdur. Həmin Qanuna görə, Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Türk Dövlətlərin Ağsaqqallar Şurası və Katiblik kimi strukturların yaradılması nəzərdə tutulmuşdur.

Türk Dövlətləri Təşkilatıın (TDT) yaranması bu istiqamətdə yeni bir mərhələnin əsasını qoymuşdur. Qeyd etmək yerinə düşər ki, 2013-cü ildə dövlət başçılarının Zirvə görüşü Qəbələ şəhərində keçirilmişdir. Bu Azərbaycanın türkdilli dövlətlər arasında nə qədər inamlı və əvəzsiz körpü rolu oynadığının bariz nümunələrindən biri kimi göstərilə bilər. Ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd əsas sütun üzərində qurulmuşdur. Təşkilat üzv dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələr kimi mövcud ikitərəfli əməkdaşlıq sahələrini genişləndirərək regiona fayda verməsi üçün çoxtərəfli əməkdaşlığa çevrilmək niyyəti daşıyır. Təşkilat, eyni zamanda, tarixi İpək Yolunun bərpası, regional Türk Diaspor mərkəzlərinin qurulması kimi əhəmiyyətli mövzularda önəmli qərarlar qəbul etmişdir.

Türkdilli dövlətlər regionda öz aralarında əməkdaşlıq etməklə bərabər, başqa ölkələrlə də dostluq və qarşılıqlı anlayış şəklində münasibətlərini inkişaf etdirirlər. Ona gərə də türkdilli ölkələr arasında Türk Şurası və TÜRKPA kimi beynəlxalq təşkilatlar digər üzv olmayan ölkələr və təşkilatlar üçün hər zaman açıq olmuşdur. Dövlət başçılarımız dəfələrlə öz bəyanatlarında bunu xüsusi olaraq vurğulamışlar ki, bizimlə qarşılıqlı əməkdaşlığa maraq göstərən bütün təşkilatlar və ölkələr bu təşkilatların içərisinə inteqrasiya edə bilərlər və bununla da ölkələrimizin hər birinin ortaq maraqlarına xidmət edəcək şəkildə məmnunluq duyulacaq. Məhz buna görə də Özbəkistan, Türkmənistan və Macarıstan bu inteqrasiya prosesinə qoşulmuşlar və əminik ki, bu proses gələcəkdə daha da inkişaf edərək davam edəcəkdir.

Hazırda ölkələrimizin yerləşdiyi bölgələrdə həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayır. Xəzər neftini və qazını dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri artıq istismara verilmişdir. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Eləcə də Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları inkişaf etməkdədir. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında imzalanmış Türk qardaş limanları haqqında Anlaşma Memorandumu türkdilli ölkələr arasında nəqliyyat dəhlizlərinin inkişaf planları ilə milli nəqliyyat planlarını birləşdirən daha səmərəli regional nəqliyyat sisteminin yaradılması üçün nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Bütün bu layihələr qədim İpək Yolunun bərpası və türk əməkdaşlığı çərçivəsində ticarət və sərmayə əməkdaşlığının gələcək inkişafı məqsədi ilə həyata keçirilir.

Həmçinin ölkələrimizdə irimiqyaslı infrastruktur layihələri də reallaşdırılır. Ən çətin infrastruktur layihələrindən biri Mərmərə dəmir yolu tuneli və şəhərətrafı kütləvi dəmir yolu nəqliyyat sistemidir. 2013-cü ilin oktyabrında Türkiyənin Baş Naziri vəzifəsində olan Rəcəb Tayyib Ərdoğan iki qitə arasında dünyada ilk sualtı dəmir yolunun açılmasını həyata keçirdi. İstanbul boğazının hər iki tərəfində dəmir yolu parçaları bir-birinə boğazın altından keçən tunel vasitəsilə bağlanır. Layihə hazırda dünyada ən böyük infrastruktur layihələrindən biridir.

2024-cü ilin iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü böyük əhəmiyyət daşımışdır. Prezident İlham Əliyev görüşün vacibliyi vurğuıayaraq bildirmişdir ki, “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır”.

Cari ilin noyabrında Qırğız Respublikasının Bişkek şəhərində də Türk Dövlətləri Təşkilatının XI zirvə toplantısı keçirilmişdir. Türk dünyası ilə əlaqələri dərinləşdirmək, türkdilli dövlətlərin maraqlarına və dəyərlərinin təbliğinə töhfə vermək məqsədi daşıyan sammit mühüm tarixi əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, TDT-nin potensialını açmaq və bu platformanı qlobal miqyasda güc mərkəzinə çevirmək məsuliyyəti məhz Türk dövlətlərinin üzərinə düşür. Bu məqsəd mütləq reallaşacaq. Bu baxımdan, Qırğızıstanda keçirilən Zirvə görüşü, şübhəsiz ki, TDT-nin mövqelərini daha da gücləndirəcək.

Prezident İlham Əliyev də söylədiyi kimi bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” deməklə dünyaya mesaj verdi ki, Azərbaycan böyük Türk ailəsinə mənsubdur, bu ailə güclü, yenilməz və etibarlıdır və bundan sonra da Türk dövlətləri, təşkilatları ilə əlaqələr daha da gücləndiriləcək, birgə uğurlu addımlar atılacaq. Bu bəyanat həm də Türk birliyinin gücünün, qüdrətinin ifadəsi, onun sarsılmaz xarakterə malik olmasının göstəricisidir.

Nuranə Əsgərova,
YAP Xətai rayon təşkilatının  "Araz Novruzov 31" ünvanı üzrə ərazi partiya təşkilatının üzvu