10 noyabr 2024 03:15
299

Naxçıvan sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu

Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının (TDT) əsasını qoyan və türk dövlətləri arasında əməkdaşlığı daha da gücləndirmək məqsədilə imzalanan mühüm bir sənəddir. Bu saziş 3 oktyabr 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən Türk Dövlətləri Zirvə görüşündə imzalanıb və Türk Dövlətləri Təşkilatının (əvvəlki adıyla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası - TDƏŞ) yaradılmasının hüquqi təməlini qoyub

Naxçıvan Sazişinin məqsədi türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı gücləndirmək, ortaq maraqlar əsasında birgə layihələr həyata keçirmək və beynəlxalq arenada daha güclü bir birlik yaratmaqdır. Bu sənəd Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan liderlərinin imzaları ilə təsdiqlənib və təşkilatın əsas prinsipləri ilə bağlı bir çərçivə yaradıb.

Sazişə əsasən, Türk Dövlətləri Təşkilatı aşağıdakı prinsiplər üzərində qurulub:

1.Ortaq mədəni irsin qorunması və təbliği: Türk dünyasının mədəni, dil və tarixi irsinin qorunması və dünya miqyasında təbliği.
2.Regional sülh və təhlükəsizlik: Regionda sabitlik və təhlükəsizliyin təmin olunması üçün əməkdaşlıq.

3.İqtisadi Əməkdaşlıq: Ticarət, iqtisadiyyat, nəqliyyat, enerji və infrastruktur sahələrində birgə layihələrin həyata keçirilməsi.

4. Mədəni və humanitar əlaqələr: Təhsil, elm və mədəniyyət sahələrində birgə proqramların təşkili.

5.Beynəlxalq əlaqələrin gücləndirilməsi: Türk dövlətlərinin beynəlxalq təşkilatlar qarşısında birgə fəaliyyət göstərməsi...

Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edərək mühüm açıqlamalar verdi. Naxçıvan Sazişi haqqında danışan dövlət başçısı qeyd etdi ki, bu saziş Türk Dövlətləri Təşkilatının əsasını qoydu:”Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. TDT bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”.

Ölkə başçısının çıxışına istinadən bildirmək etmək olar ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək. Çünki TDT-nin mövcud büdcəsi qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir.

Prezident çıxışında onu da qeyd etdi ki, ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər. TDT-yə üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır. Dövlətimizin başçısı Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də, tikiləcək məktəblərə görə bir daha təşəkkürünü bildirdi.

Məlum olduğu kimi, Azərbaycan gələn həftə BMT-nin iqlim dəyişikliyi ilə bağlı 29-cu Konfransı olan COP29-a ev sahibliyi edəcək. Bu qərar Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə oynadığı fəal rolun və beynəlxalq ictimaiyyət tərəfindən ölkənin əhəmiyyətli bir mərkəz olaraq qəbul edilməsinin göstəricisidir. Azərbaycan COP29-a ev sahibliyi etməklə öz iqlim öhdəliklərini və ətraf mühitin qorunması istiqamətindəki səylərini bir daha nümayiş etdirir. Ölkə son illərdə bərpa olunan enerji mənbələrinə, xüsusilə külək və günəş enerjisinə yatırımlar edib və bu sahədə qlobal əməkdaşlıqları genişləndirib. COP29 isə Azərbaycanın bu sahədə liderlik göstərməsi və Türk Dövlətləri Təşkilatına üzv ölkələr başda olmaqla beynəlxalq tərəfdaşlarla ekoloji əməkdaşlığı dərinləşdirməsi üçün mühüm bir fürsət olacaq. Ölkə başçısı çıxışında bu məsələ barəsində danışarkən bildirdi ki, 200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləyib: “Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”

Fidan Tağıyeva,
YAP Xətai rayon təşkilatının "Araz Novruzov 31" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü