10 noyabr 2024 09:43
220

Naxçıvanda Atatürk yad olunub

Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb.

“İki sahil” xəbər verir ki,  Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət olunub, xatirəsi yad edilib. Anım mərasimində əvvəlcə böyük öndər Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya abidə önünə çələng qoyub.

Mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındaki hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.

Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam edən anım tədbirində Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Sonra Mustafa Kamal Atatürklə bağlı videoçarx nümayiş etdirilib. Anım tədbiri çıxışlarla davam edib.

Qeyd edək ki, bu gün Türkiyə xalqının böyük öndəri, ictimai-siyasi Mustafa Kamal Atatürkün vəfatından 86 il ötür.