10 noyabr 2024 10:32
335

Qarabağın taçı – Şuşa Şəhəri Günü

Qarbağın taşı olan Şuşa şəhəri düz 4 il əvvəl – 2020-ci il noyabr ayının 8-də Müzəffər Azərbaycan ordusu tərəfindən 28 illik erməni işğalından azad edildi. Bu əzəli Azərbaycan torpaqları olan Qarabağın qədim tarixinə şanlı səhifə kimi həkk edildi.  Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfindən işğal olunmuşdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər.

Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb.

Azərbaycan Prezidenti Şuşaya ilk səfəri zamanı vaxtilə ermənilərin güllələdiyi söz, sənət adamlarının abidələrini apardı. Elə ilk səfərində Şuşanın yenidən, daha gözəl bərpa olunacağı barədə konkret göstərişlər verdi. Dərhal da əməli addımlar atıldı. Şuşa işğaldan azad olunandan sonra Müzəffər Ali Baş Komandan ordusu ilə işğaldan azad etdiyi şəhərə dəfələrlə səfər etdi. Bu davamlı səfərlər qədim yurdun xalqımız üçün əhəmiyyətinin, torpağa sahiblik hissinin, onun müqəddəsliyinə ali dəyərinin ifadəsidir. Şuşa bu gün cənab Prezidentin birbaşa nəzarəti altında yenidən qurulur, bərpa edilir. Qədim şəhəri daha da gözəlləşdirib ona həyat verməklə yaralarına dövlət başçısı özü məlhəm qoyur. Bu şəhərdə təkcə dağıdılmış binalar, infrastruktur bərpa edilmir, ulu yurdun milli ruhu da özünə qaytarılır. Şuşa mədəniyyət paytaxtımız elan olundu. Qısa zamanda bura siyasi diskussiyaların, möhtəşəm beynəlxalq tədbirlərin mərkəzinə çevrildi. Şuşada musiqi festivalları, müsabiqələr, poeziya günləri keçirilir.

Şuşa işğaldan azad olunandan sonra ilk dəfə dost, qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər etdi. Səfər zamanı iki ölkənin dövlət başçıları tərəfindən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu bəyannamə imzalanmaqla ölkələr arasında Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəfdaşlığın yeni mərhələsi başlandı.

Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində məhz Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı cənab Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

Dövlətimizin başçısı 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanından Azərbycan xalqına Şuşa müjdəsini verərək demişdir: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”. Bu ifadələrlə cənab Prezident Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini ən aydın şəkildə səciyyələndirmişdir.

Son dörd ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərinə səfər edib, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasının, yaşayış komplekslərinin inşası, Mamayı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinin, Üzeyir Hacıbəylinin ev-muzeyinin, Şirin su hamamının bərpası görülən işlərin sadəcə bir neçəsidir.

Artıq Şuşaya keçmiş məcburi köçkünlərin bir qrupu qayıdıb və bu proses davam edir. Şuşa həm də bu il “İslam dünyasının mədəniyyət paytaxtı” adına yiyələnib. “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək deyib: “Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada doğulmuş, burada boya-başa çatmış görkəmli və dahi mədəniyyət xadimləri bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. Şuşanın mədəniyyət xadimlərinin fəaliyyəti hər zaman böyük diqqət cəlb edirdi”.

Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq.

İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü