14 noyabr 2024 16:33
188

10 noyabr Bəyanatının imzalanması ümumxalq birliyinin bariz nümunəsidir

Həmrəylik bizim ən böyük sərvətimizdir və dəyərimizdir. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Azərbaycan Ordusunun parlaq qələbəsi nəticəsində imzalanan bəyanat Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında imzalanmış bəyanatla Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Ordumuzun döyüş meydanında qazandığı qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Belə ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bu Bəyanat eyni zamanda Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Münaqişə artıq başa çatıb və torpaqlarımız artıq işğaldan azad olunmuşdur. Xalqımız, Rəşadətli ordumuzla və Müzəffər Ali Baş Komandanla birgə, Şanlı Zəfərin üçüncü  ildönümünü qeyd edir. Xalqımız və ölkəmiz var olduqca bu qələbənin səbəbkarları sayılıb, seviləcəkdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Təkcə 8-9 noyabr tarixlərinin qələbə xəbərlərinə diqqət yetirsək, Azərbaycan Ordusunun 44 gündə nə qədər böyük uğurlara imza atdığını görərik. Bu qələbə müjdəli xəbərlər tezliklə işğal altında olan bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanacağına əminlik yaratmışdı. Noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə bu niyyətimiz reallaşdı.  Ordumuz və Ali Baş Komandanın dəmir yumruğu və iradəsi Ermənistanın kapitulyasiya aktına imza atmasına səbəb oldu. Rəşadətli ordumuz ərazimizi bərpa edərək BMT-nin dörd qətnaməsini yerinə yetirmişdir. Bu gün dünyanın ədalət yanaşmasına baxsaq belə çıxır öz məsələmizi özümüz həll etməsə idik, torpaqlarımızın işğalı davam edəcəkdi. Bəyanatın imzalanmasından ötən üç  il ərzində regionda önəmli proseslər baş verib. Belə ki, iki qardaş ölkə olan Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi imzalanıb. Eləcə də, Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Ötən müddət  ərzində işğaldan azad olunan rayonlarımızda yenidənqurma işlərinə başlanılıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. İrimiqyaslı infrastruktur layihələr uğurla icra olunur. 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Azərbaycan əsgəri təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu da özümüzə qaytardı, Ermənistana tarixdə unuda bilməyəcəyi dərsi verdi. Hazırkı dövrdə əsas məsələ sülh müqaviləsinin imzalanmasını tezləşdirməklə bölgəyə yeni ab-hava gətirmək, əməkdaşlıq formatlarının yaradılmasına yol açmaqdır. 

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir  rayon təşkilatının sədri