14 noyabr 2024 16:50
274

Azərbaycanın siyasi reallığı və mədəni gerçəkliyinin dünya miqyasında təsdiqi

Azərbaycan dünya əhəmiyyətli bir tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)  - ev sahibliyi edir. Yer kürəsinin  qlobal problemi dünyanın 196 ölkəsindən gəlmiş 72 min qonağın, eləcə də 80 ölkənin dövlət başçılarının -  prezidentlərin, vitse-prezidentlərin və baş nazirlərin - dünya liderlərinin iştirakı ilə Azərbaycanda müzakirə olunur. Bu, Azərbaycanın siyasi tarixində bənzərsiz və fövqəladə hadisədir. Bu, qlobal iqlim probleminin müzakirəsi ilə yanaşı Azərbaycanın dünyaya təqdimatı kimi də tarixi əhəmiyyət kəsb edən müstəsna məqamdır.

Bu gün Azərbaycan dünyanın ən qlobal probleminin müzakirə olunduğu məkandır. COP29-un yüksək səviyyədə təşkili Azərbaycanın siyasi reallığı və mədəni gerçəkliyinin, perspektivinin dünya miqyasında təsdiqidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılışında etdiyi tarixi çıxış müasir Azərbaycan tarixinin daha bir mühüm səhifəsidir. “Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir”, - deyən Cənab Prezidentin sözləri Yaşıl enerji sahəsində də Azərbaycanın yüksək göstəricilərə nail olduğuna və bundan sonra daha yüksək göstəricilərə nail olacağına  inamı təsdiqləyir. Prezidentin “Dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!” sözləri xalqımıza ayrıca qürur hissi yaşatdı. Hər zamankı kimi, dəmir iradə, sarsılmaz güc, sərrast düşüncə, güclü məntiq bu dəfə də öz sözünü dedi və ölkə başçısı "sözümüz imzamızdır" qətiyyətini növbəti dəfə meydana qoymuş oldu.

Liderlər Sammitinin açılış mərasimindən sonra tədbir iştirakçılarına göstərilən mədəbi proqram da Azərbaycan mədəniyyətinin nəfis  təqdimatı kimi dəyərləndirilə bilər. Proqram bütün detalları ilə dərindən düşünülmüş və yüksək sənətkarlıqla hazırlanmışdır. Xarici dövlətlərin başçılarına xüsusən, dahi Azərbaycan şairi Nizaminin sözlərinə əslən Şuşalı olan dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaratdığı “Sevgili canan” romansının, eləcə də, Alim Qasımovun ifasında “Sarı gəlin” mahnısının təqdim olunması Azərbaycan mədəniyyətinin mühüm zəfəri kimi dərk olunmalıdır.

COP29 çərçivəsində keçirilən bütün tədbirlər dünyanın diqqət mərkəzindədir.

Bəli, bu Azərbaycanın uğur hekayəsidir. Amma bu uğur hekayəsini Azərbaycan bəşəriyyətin xilası naminə  ortaq meyarlarla birləşən, təəssübkeşlik və can yanğısı sərgiləyən tərəflərlə birlikdə yazır. Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda keçirilən konfransda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dediyi “COP29 siyasi hücumlar arenası deyil. O, iqlim böhranı qarşısında hamımızın birləşdiyi məkandır”, - fikirləri də dünya miqyaslı bu tədbirin siyasi mahiyyətinə bir daha aydınlıq gətirir.

Elnarə Akimova,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı