13 noyabr 2024 18:02
97

Konstitusiya Günü

Konstitusiya- qanunların aliliyini təmin edən hüquqi sənəddir. Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Azərbaycan SSR-nin ilk Konstitusiyası 19 may 1921-ci ildə 1-ci Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Sosializm cəmiyyəti qurmaq vəzifəsini qarşıya qoyan bu Konstitusiya respublikada sovet hakimiyyətinin qələbəsini, sovet hakimiyyəti simasında şəhər və kənd proletariatın diktaturasını, torpaq, sənaye, bank, nəqliyyat və s.-nin milliləşdirilməsini qanuniləşdirdi, əməkçi kütlələrə demokratik hüquq və azadlıqlar vermişdir. Respublikanın ictimai-siyasi və iqtisadi-mədəni sahədə inkişafı ilə əlaqədar Konstitusiyayada dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan SSR Konstitusiyası SSRİ Konstitusiyası əsasında, 14 mart 1937-ci ildə təsis edilmişdir. İstismarçı siniflərin ləğvi ilə respublikada antaqonist ziddiyyətlərin aradan qalxması, fəhlə sinfi ilə kəndlilərin ittifaqı və xalqın mənəvi-siyasi birliyinin möhkəmlənməsi nəticəsində yaranmış ictimai və dövlət quruluşunu əsasları Konstitusiyada təsbit edilmişdir

Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi. 1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur.( Konstitusiya 11 bölmə, 22 fəsil və 185 maddədən ibarət idi. İlk dəfə olaraq bu Konstitusiyada preambula, siyasi sistem, sosial inkişaf və mədəniyyət, xarici siyasət fəaliyyəti və sosialist vətəninin müdafiəsi, xalq deputatının statusu kimi fəsillər nəzərdə tutulub, ayrı-ayrı fəsillər bölmələrdə birləşdirilib).

Konstitusiyanın preambulası ilə tanış olaq:     “Böyük Oktyabr bayrağı altında Azərbaycanın fəhlə sinfi və əməkçi kəndliləri mülkədarlar və kapitalistlər hakimiyyətini devirmiş, zülm buxovlarını qırmış, proletariat diktaturası qurmuş və tarixdə ilk dəfə özlərinin Sovet dövlətini—Azərbaycan Sovet Sosialist Respublikasını yaratmışlar.”                                                                                                                               .        Xüsusilə qeyd etmək lazımdır ki, 1978-ci il Konstitusiyasının qəbul olunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olub. Məhz Ümummilli Lider Heydər  Əliyevin tələbi ilə bu Konstitusiyada dövlət dili kimi Azərbaycan dili müəyyən edilib. Konstitusiyanın 73-cü maddəsində deyilirdi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR dövlət orqanlarında və ictimai orqanlarda, mədəniyyət, maarif müəssisələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir”. Bu Konstitusiyada, həmçinin Dağlıq Qarabağ və onun orqanlarının hüquqi statusu “Yerli dövlət hakimiyyəti orqanları” fəsli daxilində müəyyən edilmişdi, yəni ona ayrıca, xüsusi önəm verilmirdi. Halbuki əvvəlki konstitusiyalarda buna ayrıca fəsil həsr olunmuşdu. Bu da təbii ki, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən biri idi.

1978-ci il Konstitusiyasında bütün hakimiyyətin xalqa məxsusluğu, dövlət hakimiyyətinin xalq tərəfindən siyasi sistemin əsasını təşkil edən sovetlər vasitəsilə həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb, dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkili və fəaliyyətində müəyyən dəyişikliklər edilib.   Əsas Qanunda “bilavasitə demokratiyanın” yeni formaları – ümumxalq müzakirəsi və referendum, bir sıra yeni mülki hüquqlar, vəzifəli şəxslərin hərəkətlərindən şikayət vermək hüququ, şərəf və ləyaqətə qarşı qəsdlərdən məhkəmə müdafiəsi hüququ, dövlət və ictimai təşkilatların hərəkətlərini tənqid etmək hüququ, habelə sağlamlığın mühafizəsi hüququ, mənzil hüququ, mədəniyyət nailiyyətlərindən istifadə etmək hüququ, yaradıcılıq azadlığı kimi sosial hüquqlar təsbit olundu, hüquq və vəzifələrin “qırılmaz əlaqəsi” qeyd edilib.

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu Öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 

V.Seyidova,
M.Hacıyev adına 116 nömrəli tam orta məktəbin tarix müəllimi