08 noyabr 2024 18:17
101

Zəfər Günü

2020-ci il noyabrın 8-də xalqımızın tarixinə ən parlaq və möhtəşəm qələbələrdən biri yazıldı. Azərbaycan hərbçiləri dağlar qoynunda yerləşən Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Qəhrəman əsgər və zabitlərimiz mürəkkəb dağ relyefi, sıldırım qayaları, sıx meşələri, dərin dərələri, çətin və keçilməz dolayları adlayaraq düşmən hərbçilərini Qarabağın baş tacı hesab olunan Şuşadan qovub çıxardı. Prezident İlham Əliyevin Sərəncamı ilə həmin tarixi hadisənin baş verdiyi gün - noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltdı.

Vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad edirdi.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun Komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edildi. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrildi.

Ermənistan ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan olundu.

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi

44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimi birdir. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcək.

Gülnur Babayeva,
Bakı şəhəri, Xətai rayonu, T.Bağirov adina 59 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi