17 noyabr 2024 19:36
194

Avstraliyadan gələn tələbələr Ədəbiyyat Muzeyinin qonağı olublar

Avstraliyadakı Kurtin Universitetinin tələbələri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gəliblər. Onlar, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar.

Muzeydən “İki sahil”ə verilən məlumata görə, ekspozisiya ilə muzeyin kiçik elmi işçisi Nəzrin Yusifovanın vasitəsilə yaxından tanış olan tələbələr Nizami Gəncəvi, İmadəddin Nəsimi irsi haqqında məlumatları maraqla dinləyiblər. Qonaqlar Məhsəti Gəncəvi, Nizami Gəncəvinin “Xəmsə”si, ilk diplomat qadın - Ağqoyunlu dövlətinin qurucusu Uzun Həsənin anası Sara xatun, massegetlərin hökmdarı Tomris xatun, Müsəlman Şərqində ilk qadın opera bəstəkarı Şəfiqə Axundova, Üzeyir Hacıbəylinin 1908-ci ildə tamaşaya qoyulmuş “Leyli və Məcnun” operası haqqında məlumatdan məmnun qalıblar.

COP29 iştirakçıları Azərbaycanın adət-ənənələrini daha çox seviblər. Azərbaycanlıların ən çox qorunan adət-ənənələrindən qız-gəlinlərimizin əllərinə çəkdikləri xına mərasimi də onlara maraqlı olub və avstraliyalı ziyarətçi Custinia Tereza xına ilə əlinə bəzək çəkdirib.

Sonda qonaqlar təəssüratlarını muzeyin rəylər və təəssüratlar kitabında yazıblar. Zimbabvedən Kurtin Universitetinin tələbəsi Hazel Fadzai gələcəyin memarı kimi, binanın zahiri görünüşündən daxili memarlığına qədər olan incəliklərə heyran qaldığını, binanın, həmçinin daxilindəki hər məkanın muzeyin amalına uyğun şəkildə istifadə olunmasını qeyd edib.