Ağdam şəhəri Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən tarixi və strateji mövqeyə malik bir şəhərdir. Şəhərin adı ilə bağlı bir neçə fikir var. Bəzi mənbələrə görə, şəhərin adı “ağ”(işıq, parlaq) və “dam” sözlərindən yaranıb, mənası “işıqlı yer” və ya “işıqlı ev” deməkdir. Digər fikrə görə isə “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Keçmiş zamanlarda bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək məqsədilə kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında isə Qarabağ xanı Pənahəli xan burada özü üçün ağ daşdan ibarət imarət tikdirmək üçün əmr verib. Bu imarət uzun illər insanlar üçün Ağdamın bir növ simvoluna çevrilmişdir.
Şəhər XVIII əsrdə Qarabağ xanlığının tərkibində olmuş və bu dövrdən etibarən inkişaf etməyə başlamışdır. XX əsrin 50-ci illərindən etibarən Ağdam rayonu ərazisində arxeoloji tədqiqat işləri aparılmışdır. Bu tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Ağdam ərazisi qədim insanların yaşayış məskənlərindən biri olmuşdur. İlk insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, Eneolit dövründə, yəni e.ə. IV-VI minilliklərdə yaşamış, əkinçilik və maldarlıqla məşğul olmuşdurlar. Ərazidən tapılan taxıl və üzüm dənələri sübut edir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik idilər. Üzərriktəpədə aparılan tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanan arxeoloqlar qeyd edirlər ki, Ağdam Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biridir.
1993-cü ildə 42 gün davam edən döyüşdən sonra Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Ağdam 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmişdir. Şəhər “Qafqazın Xirosiması” adlandırılırdı, çünki düşmən tapdağı olduğu illərdə bura tamamilə dağıdılmışdı. Ağdamın əsas mədəniyyət abidələrindən biri Ağdam Cümə Məscididir. Bu məscid XIX əsrin əvvəllərində tikilmiş və şəhərin dini və memarlıq simvoluna çevrilmişdir. Ağdamda yerləşən Çörək Muzeyi isə keçmiş SSRİ-də yeganə belə bir muzey idi. Burada çörəkçilik tarixi və ənənələri nümayiş olunurdu. İşğal zamanı bu muzey dağıdılmışdır, lakin onun yenidən bərpası nəzərdə tutlur. Bütün dağıntılara, zorakılıqlara baxmayaraq, işğaldan azad edildikdən sonra burada təmir-bərpa işləri sürətlə aparılmışdır. 2020-ci ildən etibarən Ağdamda “Ağıllı şəhər” konsepsiyasına əsasən tam müasir infrastruktur qurulur. 2021-ci il 28 may tarixində şəhərin Baş Planı ictimaiyyətə təqdim olunmuşdur. Ağdam şəhərində 5 məhəllə nəzərdə tutulmuşdur, hal-hazırda isə artıq 2-ci məhəllədə 66 binanın tikinti işləri başlamışdır. Ağdamın quruculuq işləri dövlətin Qarabağı yenidən canlandırmaq istiqamətindəki genişmiqyaslı səylərinin bir hissəsidir. Şəhərin yaxın illərdə müasir və yaşıl bir mərkəzə çevrilməsi gözlənilir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən edilmişdir. Bu tarix Ağdam sakinləri və Azərbaycan xalqı üçün böyük önəm daşıyır. 20 noyabr 20202-ci il Ağdamın 27 illik işğal dövründən sonra azad edilməsi ilə yaddaşlara həkk olunub və hər il bu hadisə böyük qürur və sevinc hissi ilə xatırlanır.
Nuranə Qarayeva,
Xətai rayonu, Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi