COP29 tədbirlərinin davam etdiyi günlərdə erməni lobbisinə yaxınlığı ilə tanınan bəzi xarici media orqanlarının öz səhifələrində AXCP sədrinə tez-tez yer ayırmaları ona olan sevgidən- filandan irəli gəlmir. Burada əsas məqsəd Ə.Kərimli kimilərindən istifadə edərək ölkəmizin əleyhinə aparılan qarayaxma kampaniyasına rəng qatmaqdır
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. Xaricdəki bədxahlarımız başda AXCP sədri Əli Kərimli olmaqla ölkəmizdəki radikal müxalifət düşərgəsinin ünsürləri ilə sinxron işbirliyinə girərək Bakıda iqlim dəyişmələri ilə bağlı beynəlxalq tədbirin keçirilməsi fonunda respublikamıza qarşı apardıqları “qara piar” kampaniyasını daha da gücləndiriblər. O da aşkardır ki, COP29 ərəfəsində başlayan bu məkrli kampaniyalar qlobal iqlim problemlərinin müzakirəsi zamanı məqsədli olaraq daha da fəallaşdırılıb.
COP29 fonunda Azərbaycana qarşı ən çirkin metodlarla təzyiq göstərməyə çalışan məlum qüvvələrin əsassız, absurd və ziddiyyətli iddialarından biri odur ki, neft-qaz ölkəsində iqlimlə bağlı tədbir keçirilə bilməz. Azərbaycan karbohidrogen ehtiyatlarına malik olan ölkədir. Lakin bu, Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxışı zamanı bildirdiyi kimi, “Tanrının bəxş etdiyi hədiyyədir”: “Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir: Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Mən bu rəqəmləri auditoriyamızın diqqətinə çatdırmalıyam, çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik”.
Bütün bunlar real gerçəkliklərdir. Əsl gerçəklik isə odur ki, ölkəmizdəki radikal müxalifət düşərgəsinin təmsilçiləri erməni lobbisinin dəyirmanına su tökərək Azərbaycana qarşı namərdcəsinə aparılan şər-böhtan kampaniyasında iştirak etmək üçün sözün əsl mənasında bütün güclərini səfərbər ediblər. İstər ayrı-ayrı mərkəzlərin nəzarətində olan məlum xarici media subyektlərində dərc olunan məqalələri, istər hamımızın yaxşı tanıdığımız beynəlxalq təşkilatların qərəzli hesabatları, istərsə də AXCP sədri Əli Kərimli və ətrafındakılar başda olmaqla radikal müaxalifət təmsilçilərinin antimilli çıxışları bir daha təsdiq edir ki, bu ünsürlər eyni mərkəzdən idarə olunurlar. Bakıda COP29 tədbirlərinin davam etdiyi günlərdə erməni lobbisinə yaxınlığı ilə tanınan bəzi xarici mətbuat orqanlarının öz səhifələrində Ə.Kərimliyə tez-tez yer ayırmaları bütün gizlinləri üzə çıxarır.
Heç kim çörəyi qulağına yemir. AXCP sədrinin bu günlərdə məkrli dairələrin ruporu olan “The Telegraph” qəzetində ermənipərəst dairələrin sifarişi ilə ölkəmizin əleyhninə dərc olunan məqaləsinə diqqət çəkməsi və tələsik sosial şəbəkə seqmentlərinə daşıması bəzi mətləbləri aşkara çıxarmağa imkan verir. Qəzetin ətraf mühit redaktoru Emma Gattenin COP29 haqqında hazırladığı əhatəli materialda Ə.Kərimlinin müsahibəsinə yer ayırması AXCP sədirnə olan sayğı və sevgidən irəli gəlmir. Burada əsas məqsəd Ə.Kərimli kimilərindən istifadə edərək ölkəmizin əleyhinə aparılan qarayaxma kampaniyasının rəngini daha da tündləşidirməkdir.
Ə.Kərimli əvvəllər olduğu kimi, bi dəfə də məkrli siyasi və maliyyə mərkəzlərinin sifarişlərini yerinə yetirən, bütün dünyada iftira, böhtan, şantaj üzrə peşəkarlaşmış bir nəşr kimi tanınan “The Telegraph” vasitəsilə ölkəmizin beynəlxalq imicinə zərər vurmaq üçün uydurduğu yalan və iftiralarla öz mənəviyyatsızlığını bir daha ortaya qoyur. AXCP sədri bu qəzetə “müsahibəsində” utanmadan deyir ki, COP 29 tribunası İlham Əliyev tərəfindən iqlim dəyişikliyi ilə bağlı müzakirələr əvəzinə, anti-Qərb çıxışlar üçün tribuna kimi istifadə edildikdən sonra inanıram ki, Keir Starmer də bu tədbirdə iştirak etmək qərarından bəlkə də peşman olub. O əlavə edib ki, Azərbaycanla ən böyük iqtisadi əlaqələri olan dövlət olaraq Böyük Britaniyanın üzərinə xüsusi məsuliyyət düşür ki, Əliyev rejiminin repressiyaları haqda açıq çıxış etsin.
Budur Ə.Kərimlinin əsl mahiyyəti, əsl sifəti. Elə ona görə də Qərbdəki məkrli mərkəzlərin qrantları ilə yallanan AXCP sədri Əli Kərimlinin və onun tör-töküntülərinin planetimizdəki iqlim dəyişikliklərinə qarşı mübarizənin ön cəbhəsinə komandanlıq edən Azərbaycana qarşı qərəzli şəkildə aparılan informasiya müharibəsində canfəşanlıq etmələri cəmiyyətimizdə bu ünsürlərə güclü qəzəb, ikrah və nifrət hissi yaradır. Xaqlın nifrətini qazanmaq isə ən ağır cəzadır. Ən əsası isə odur ki, Ə.Kərimli kimilər bilməlidirlər ki, onların bu xəyanətkar əməlləri barədə tarixin səhifələrində pozulmaz, silinməz izlər qalacaq.
Zahid Rza, “İki sahil”