20 noyabr 2024 00:12
176

Bizim ailəmiz Türk dünyasıdır

COP29 çərçivəsində imzalanan «Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş» TDT-yə üzv dövlətlərin müttəfiqlik aktı, yaşıl enerji siyasətinin, nəqliyyat, kommunikasiya imkanlarının genişlənməsinə, əlaqələrin möhkəmlənməsinə ən önəmli töhfədir

Bütün beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın təşəbbüsü ilə reallaşan, dünyanın enerji və nəqliyyat xəritəsini dəyişən layihələrin icrasında da türkdilli dövlətlərin birliyinin sarsılmazlığını qeyd edən Prezident İlham Əliyev xüsusilə Orta Dəhlizin əhəmiyyətini xüsusilə diqqətə çatdırır. Keçən ilin dekabrında 200-ə yaxın ölkənin etimadı ilə Azərbaycanın COP29-a namizədliyinin yekdilliklə dəstəklənməsi bütünlükdə türk birliyinin dünyada möhkəmlənən mövqeyinin təsdiqidir. Bunu beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü kimi dəyərləndirən Prezident İlham Əliyevin «Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”» sözləri reallaşdı. Bir neçə gündür ki, beynəlxalq əhəmiyyətli, dünya ictimaiyyətini düşündürən qlobal məsələlərin müzakirəsi üçün platformaya çevrilən COP29-un sessiyalarında müsəlman ölkələrinin fəal iştirakı türk birliyinin, İslam həmrəyliyinin təzahürüdür.

2024-cü il fevralın 14-də andiçmə mərasimində TDT-nin nüfuzunun beynəlxalq səviyyədə daha da artması üçün bütün imkanlardan istifadə olunacağını qətiyyətlə bildirən Prezident İlham Əliyev «Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır» söyləməklə hədəfləri də dəqiq müəyyənləşdirmişdi. Təbii ki, dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin davam etdiyi müasir dövrümüzdə türk birliyinin zəruriliyinə daha çox ehtiyac duyulur. Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən yayınmır. Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Bu birlik Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın görünür. Xalqımız da bu birliyin önəmli parçası olaraq fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasına öz töhfəsini verməkdən böyük qürur duyur. Azərbaycan TDT-yə üzv olan ölkələrlə qardaşlıq münasibətlərini siyasi, iqtisadi, müdafiə sahəsində davam etdirir. Türk dövlətlərini birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir. TDT-yə üzv ölkələr arasında inteqrasiya, birliyə xidmət edən əlaqələr gücləndirilir. Azərbaycanın bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər qurumun gələcək inkişaf trayektoriyasında mayak rolunu oynayır. Ölkəmizin türk dünyası ölkələrinin birliyinə ən önəmli töhfəsi dəyər zənciri adlandırılan Orta Dəhliz layihəsidir.

Şuşada keçirilən TDT Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə «Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir» sözləri ilə ümumi maraqlara xidmət edən kommunikasiyaların daha da gücləndirilməsini, gündəmin aktual məsələləri ətrafında birgə müzakirə imkanlarının genişləndirilməsini, birliyimizin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev Şuşa sammitində imzalanan «Qarabağ Bəyannaməsi»ni türk birliyini daha da möhkəmləndirəcək tarixi hadisə adlandırır .

«Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik»” şüarı altında birləşən təşkilatın üzvləri əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə perspektivləri müasir dövrün tələblərinə uyğun müəyyənləşdirmək üçün səyləri birləşdirirlər. «O ki qaldı, Türk Dövlətləri Təşkilatının gələcək inkişafına, mənim baxışlarım burada tamamilə aydındır. Əminəm ki, bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır» söyləyən Prezident İlham Əliyevin tövsiyəsi bu birliyi daha da gücləndirməklə təşkilatı dünya miqyasında güc mərkəzinə çevirməkdir. Bu gün BMT və digər beynəlxalq təşkilatlar böhran içərisində, bəziləri isə tənəzzüldədir. Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və bu hədəfə yalnız ortaq amala xidmət edən məqsədlər naminə birləşməklə nail olmaq mümkündür.

Noyabrın 13-də COP29 konfransı çərçivəsində Azərbaycan, Qazaxıstan, Özbəkistan prezidentləri İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyev arasında keçirilən üçtərəfli görüş, imzalanan «Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş» TDT-yə üzv dövlətlərin yaşıl enerji siyasətinin, nəqliyyat, kommunikasiya imkanlarının genişlənməsinə, əlaqələrin möhkəmlənməsinə ən önəmli töhfədir. Tam əminliklə demək olar ki, Azərbaycanın yaşıl enerji sahəsində özünü doğruldan layihələri bu sazişin icrasında bələdçi, etibarlı yol xəritəsi olacaq. Yaşıl enerjiyə keçid gələcək nəsillər üçün möhkəm təməl yaradacaq. Təşkilatın inkişaf strategiyasının əsas amillərindən biri kimi təşkilatın güclənməsinə xidmət edəcək. Hər üç qardaş ölkə arasındakı münasibətlərdə yeni səhifələr açılacaq Sazişi tarixi hadisə, birliyin uğuru adlandıran Prezident İlham Əliyev bu sənədin yaşıl enerji sahəsində fəal əməkdaşlığa da töhfə verəcəyini əminliklə söylədi: «Həmçinin deyərdim ki, imzaladığımız bugünkü Saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır. Mahiyyət etibarilə, Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələlərdə, o cümlədən yaşıl enerjinin inkişafı sahəsində sinxron fəaliyyət göstərir.»

İnkişaf strategiyası istiqamətində paralel addımlayan hər üç qardaş ölkənin bərpaolunan enerji mənbələrinin yaradılması üzrə müəyyən nəticələrə nail olduqları bəllidir. Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkəmiz arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlıqdır. Mərkəzi Asiyanı, Qafqazı, Avropanı, Xəzər və Qara dənizləri vahid enerji dəhlizi ilə birləşdirəcək bu layihənin texniki-iqtisadi əsaslandırılması tamamlanmaq üzrədir. Başqa sözlə deyilsə Azərbaycan – Özbəkistan-Qazaxıstan münasibətləri artıq müttəfiqlik səviyyəsindədir. Qarabağın bərpasında fəal iştirak edən Özbəkistanın, Qazaxıstanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına yaradıcılıq mərkəzinin inşa etmələri əsrlərdən bəri möhkəmlənən qardaşlığın sarsılmazlıq nümunəsidir. Türk birliyinin , İslam həmrəyliyinin ifadəsi olan bu sazişin imzalanması mərasimində də Azərbaycanın etibarlı tərəfdaşı, investoru olan Səudiyyə Ərəbistanının «ACWA Power»” şirkətinin iştirakı bu reallığın ifadəsidir. Təkcə ölkəmizdə deyil, Mərkəzi Asiyada da fəaliyyət göstərən şirkətin TDT-ilə əməkdaşlığı mütləq səmərə verəcək. «Ona görə də bu gün bu mərasimdən sonra əməkdaşlığımızı genişləndirən daha bir mərasim olacaq. Bu, Yaxın Şərqi, Mərkəzi Asiyanı, Xəzər regionunu, Qafqazı, Qara dənizi və Avropanı əhatə edir» söyləyən Prezident İlham Əliyevlə həmrəyliklərini bildirən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev strateji tərəfdaşlıq Sazişinin imzalanmasını Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının inkişafı üzrə üçtərəfli əməkdaşlığın mühüm mərhələsi adlandırdı: «Sənəd dövlətlərimizin enerji sistemlərinin inteqrasiyası, habelə ekoloji cəhətdən təmiz enerjinin Avropaya və digər bazarlara çatdırılması üzrə etibarlı dəhlizlərin yaradılmasında yeni imkanlar açır. Qazaxıstan böyük tranzit ərazi kimi burada son dərəcə mühüm rol oynayır. Bu Sazişin praktiki nəticələri Orta Dəhlizin iqtisadiyyatlarımızı birləşdirən yaşıl körpü qismində inkişafına töhfə verəcək. Bu əsas sahədə sıx əməkdaşlıq üç dövlət arasında təcrübə və qabaqcıl texnologiyalar mübadiləsini gücləndirəcək və enerji təhlükəsizliyimizin gələcəkdə də möhkəmləndirilməsinə kömək edəcək.» Vurğulandı ki, yaşıl enerji karbon neytrallığına doğru irəliləyən Qazaxıstan üçün prioritet istiqamətdir. Qarşıdakı illərdə qazıntı resurslarından asılılığı azaltmaq, texnoloji yenilikləri inkişaf etdirmək və ekoloji davamlılığımızı dəstəkləyə biləcək infrastruktur yaratmaq üçün birgə fəaliyyət türk dünyasının təşkilat kimi gücləndirməklə beynəlxalq nüfuzunu da artıracacaq. Qazaxıstan xarici tərəfdaşlarla ümumi gücü 43 giqavat olan yaşıl layihələrin həyata keçirilməsinə dair razılaşmalar əldə edib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev COP29 çərçivəsində imzalanan Sazişi Avropaya açılan yaşıl enerji dəhlizinin ilk mərhələsi adlandırdı. «Bərpaolunan enerji təkcə iqtisadi məqsəd deyil. Bu, bizim gələcəyə verdiyimiz töhfədir, gələcək nəsillər qarşısında məsuliyyət hissimizin nəticəsidir. Mən bu layihənin ekoloji əhəmiyyətini xüsusilə qeyd etmək istərdim. Nəql ediləcək enerji külək və Günəş enerjisidir, iqlimə təsiri azaltmağa kömək edəcək bərpaolunan və təmiz mənbədir. Bununla biz Paris Sazişi çərçivəsində iqlimin qorunması üzrə birgə səyləri və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağı dəstəkləyirik. Ölkələrimiz əhəmiyyətli dərəcədə bərpaolunan enerji resurslarına malikdir və qlobal enerji keçidinə mühüm töhfə verə bilər. Özbəkistanda bu istiqamətdə genişmiqyaslı işlər aparılır, yaşıl enerjinin inkişafı üçün böyük proqram qəbul edilib» söyləyən, 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payını 40 faizə çatdırmağı, həmçinin 4,2 giqavatlıq enerjisaxlama sistemləri yaratmağı planlaşdırdıqlarını qeyd edən Prezident Şavkat Mirzizoyev hədəfləri də açıqlayır: «Bundan başqa, ilin sonunadək biz əlavə olaraq 2,6 giqavat bərpaolunan enerji və 300 meqavat enerjisaxlama sistemlərini şəbəkəyə birləşdirəcəyik. Hər il təxminən 2 giqavat Günəş və külək enerjisi istehsal etmək gücünü işə salırıq.»

Dövlət başçılarının söylədikləri kimi, birgə fəaliyyət nəticəsində minlərlə iş yeri açılacaq, enerji infrastrukturu inkişaf etdiriləcək, texnoloji və biznes əlaqələri genişlənəcək və bunun əsas nəticəsi olaraq əhalinin həyat səviyyəsi yüksələcək. Qlobal əhəmiyyətli və iddialı layihənin həyata keçirilməsi Zəngəzur dəhlizinin bərpasını da sürətləndirəcək. Ermənistanı, işğalçını dəstəkləyən Qərbi, xüsusilə Fransanı təşvişə salan ortaya qoyulan qətiyyət, türk iradəsinin sarsılmazlığı, qətiyyəti, Azərbaycanın «Yaşıl enerji naminə həmrəylik!» çağırışını dəstəkləyənlərin sayının artmasıdır.

Xuraman İsmayılqızı, «İki sahil»