20 noyabr 2024 18:36
129

Azərbaycan ABŞ şirkəti ilə iqtisadiyyatda innovativ mexanizmlərin tətbiqini müzakirə edib

Azərbaycan ABŞ şirkəti ilə bərpaolunan enerji resurslarından istifadə və iqtisadiyyatda innovativ mexanizmlərin tətbiqi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

“İki sahil” İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, bu müzakirələr COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin "Honeywell Energy and Sustainability Solutions" şirkətinin prezidenti və baş icraçı direktoru Ken Vest ilə görüşündə aparılıb.

Qonaqlara Azərbaycanın “yaşıl enerji” siyasəti və ölkəmizdə bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib. Sənayenin rəqəmsallaşdırılması, dayanıqlılıq, enerji keçidi, insan kapitalının inkişafı istiqamətləri üzrə ölkəmizin qarşısında duran prioritetlər diqqətə çatdırılıb.

Görüşdə biznes mühitində dayanıqlı fəaliyyətə keçid, bərpaolunan enerji resurslarından istifadə və iqtisadiyyatda innovativ mexanizmlərin tətbiqi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Şirkətin müasir texnologiyalar sahəsində təcrübəsinin enerji keçidi istiqamətində təşəbbüslər üçün əhəmiyyəti qeyd edilib.

Tərəflər həmçinin, “Honeywell” şirkəti tərəfindən təqdim edilən innovativ həllərin Azərbaycanda dayanıqlı enerji resurslarından istifadənin genişləndirilməsi üçün potensial əhəmiyyəti və iqtisadiyyatın bir çox sahələrində səmərəli fəaliyyətin təşkili barədə fikir mübadiləsi aparıblar.