21 noyabr 2024 11:20
23

Kəlbəcərin tarixi əhəmiyyəti

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərdə “Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib. Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynayıb və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranıb. Yeni heyvan növlərinin əhliləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında (Xoşbulaq kurqanları və Xoləzək (Kəlbəcər), İstisu yaylaqlarında yaşayış məskənləri) məskunlaşma başa çatıb. Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsidir. Saxsı qablar üzərində çəkilmiş naxışlar bunu bir daha təsdiqləyir.

Kəlbəcər rayonu Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Xanlar (Göy-Göl), Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 km2 olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardı. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Mərkəzi Kəlbəcər şəhəridir. 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Kəlbəcər rayonunun əhalisinin sayı 94,1 min (01.01.2020) nəfərdi.Kəlbəcər əhalisinin 98 faizini Azərbaycanlılar, 2 faizini isə, ruslar, İrandan gəlmə kürdlər və başqa millətlər təşkil edir. Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə – İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər (çay) çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.

Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 2 aprel 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.
5 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması,ərazinin böyüklüyü və humanizm göstərilmişdir.
Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.

Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.

A.Axundova,
YAP  Xətai rayon təşkilatının "Məshəti 3" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü