22 noyabr 2024 10:43
376

Yeni Azərbaycan Partiyası: Heydər Əliyevin xalqına mirası

Yeni Azərbaycan Partiyası (YAP) Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən böyük miraslardan biridir. 1992-ci ilin çətin və mürəkkəb dövründə xalqın səsinə səs verərək təsis edilmiş bu partiya milli iradənin, xalqın birliyinin və müstəqil dövlətçiliyin simvoluna çevrildi.

Ulu Öndər Heydər Əliyev YAP-ı yalnız bir partiya kimi deyil, həm də xalqın ümidi və güvən yeri olaraq yaratdı. Onun uzaqgörən liderliyi və prinsipial mövqeyi ilə bu siyasi təşkilat qısa zamanda milli birlik hərəkatına çevrildi. Xalqın inamını qazanan YAP ölkəmizi siyasi xaosdan, iqtisadi böhrandan çıxararaq sabitliyə və inkişaf yoluna yönəltdi.

Bu partiya Ulu Öndərin “Azərbaycanın müstəqilliyi əbədidir” şüarını özünün əsas prinsipi kimi qəbul edib. Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yalnız o dövrün deyil, gələcək nəsillərin də ümumi iradəsini ifadə edən bir təşkilat olaraq formalaşdırdı. Onun qurduğu ideoloji bünövrə sayəsində YAP bu gün də xalqın iradəsini təmsil edir və Azərbaycanın inkişafına töhfə verir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası müstəqillik yolunda yeni uğurlara imza atır. Qarabağ zəfəri, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlişi və sosial-iqtisadi inkişaf bu siyasi irsin davamlılığını sübut edir. Heydər Əliyevin xalqına əmanət etdiyi partiya həm ideyaları, həm də əməlləri ilə hər zaman milli maraqları üstün tutmuşdur.

Yeni Azərbaycan Partiyası sadəcə siyasi qüvvə deyil, Heydər Əliyevin ruhunun, ideallarının və xalqına olan sevgisinin canlı təzahürüdür. Bu mirası yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

Yeni Azərbaycan Partiyası – Heydər Əliyevin xalqa qoyduğu əbədi irs və Azərbaycanın parlaq gələcəyinin təminatçısıdır!

Tural Qoca