24 noyabr 2024 00:16
76

Orta Dəhliz məsafə və müddət baxımından ən yaxşı ticarət yoludur

Azərbaycan bu layihənin həm mərkəzindədir, həm də aparıcı tərəfdaşıdır

Son bir neçə ildə Azərbaycan ərazisindən daşınan müxtəlif məhsulların həcminin artmasının əsas səbəbi Orta Dəhlizdə müşahidə olunan intensivliklə bağlıdır. Xüsusilə Rusiya və İranın sanksiyalara məruz qaldığı bir dövrdə Çin, Mərkəzi Asiya və Avropanın Azərbaycandan keçən Orta Dəhlizə baxış bucağı genişlənir. O cümlədən Çin Rusiya-Ukrayna müharibəsinin Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırdığı üçün Orta Dəhlizə xüsusi önəm verir. Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ hesab edilir. Belə ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhliz vasitəsilə daha qısa vaxt sərf etmiş olur. Bununla yanaşı, Orta Dəhliz Asiya ilə Avropa arasında qlobal ticarətin daha sərfəli və təhlükəsiz olmasını təmin edir. Azərbaycanın mövcud  geostrateji mövqeyi, Şərq və Qərb dəhlizindəki önəmli yeri fərqli istiqamətdə yüklərin daşınması üçün geniş imkanlar yaratmaqla, həm ölkəmizin, həm də ümumən Cənubi Qafqaz bölgəsinin önəmini artırır. Tranzit ölkəyə çevrilmə istiqamətində atılan uğurlu addımlar, yaradılan imkanlar sayəsində Azərbaycan son illərdə bu sahədə yüksək nəticələrə nail olmuşdur. Yükdaşımaların artması, bütün keçidlərdə Azərbaycanın təhlükəsiz tranzit bölgə kimi özünü təsdiqləməsi digər dövlətlərin də marağını cəlb etməkdədir. Prezident İlham Əliyev ötən il Çinin «China Media Group» media korporasiyasına müsahibəsində bu məsələyə xüsusi diqqət çəkərək bildirmişdir: «Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Burada qonşularla yaxşı münasibətlər də önəmli rol oynayır.»

Orta Dəhliz, eyni zamanda, Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında logistik mərkəzlərin və azad ticarət zonalarının yaradılması baxımından trans-Xəzər əməkdaşlığının inkişafına mühüm töhfə verir. Bununla yanaşı, Türkiyə ilə Türk Dövlətləri Təşkilatı  ölkələrinin ticarət və iqtisadi əlaqələrini genişləndirmək potensialı ilə diqqət çəkir. Azərbaycan və Qazaxıstanın səyləri, Gürcüstanın fəal iştirakı, Türkiyənin bu təşəbbüsləri dəstəkləməsi ilə Orta Dəhlizin rəqabət imkanları güclənmiş, iqtisadi cəhətdən səmərəliliyi artmışdır. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizlə yükdaşımaların qiymətini aşağı salmaqla yanaşı, yüklərin çatdırılma müddətini də xeyli azaldır. Orta Dəhlizin rəqabət imkanlarının güclənməsi və bu layihənin gerçəkləşməsi xeyli dərəcədə Azərbaycanın transmilli enerji və nəqliyyat layihələri ilə şərtlənir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi yalnız Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, bütövlükdə Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhfə verir, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan yaxın gələcəkdə yenidən işə düşməsinə dövlətimiz tərəfindən ciddi səy göstərilən Zəngəzur dəhlizi, Orta Dəhliz boyunca istehsal sahələrinin, sənaye zolaqlarının, biznes imkanlarının yaradılmasını hədəfləyir. Cənubi Qafqaz ölkələri ilə əlaqələrini daha da möhkəmləndirən, regionun hərtərəfli tərəqqisinə mühüm töhfələr verən Azərbaycan nəqliyyat sektorunun inkişafı məqsədilə xarici investorları da bu sahədə əməkdaşlığa cəlb edir.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca yaradılan «vahid tarif», «vahid pəncərə» prinsipləri tətbiq olunur. Önəmli məqam odur ki, Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən bu dəhliz ölkəmizin iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. Bu layihə ilə əlaqədar fəaliyyətin gücləndirilməsi Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan üçün böyük önəm daşıyır. Çinin «Bir kəmər, bir yol» layihəsinin bir hissəsi olan dəhliz, həmçinin tarixi İpək yolunun ən mühüm komponentlərindən biri kimi dəyərləndirilir. Buna görə də Orta Dəhliz üzrə tranzit müddətinin bu il ərzində 18-23 gündən 14-18 günə, o cümlədən Qazaxıstan ərazisində 6 gündən 5 günə endirilməsi planlaşdırılır.

Prezident İlham Əliyev 2024-cü ilin avqustun 8-də Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündəki çıxışında  Orta Dəhlizin beynəlxalq əhəmiyyəti bir daha diqqətə çatdırdı. Belə ki, dövlətimizin başçısı  Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində həyata keçirilən layihələrdən danışdı. Həmçinin çıxışında Xəzər dənizində respublikamızın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi kimi tədbirlərin Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırdığını vurğuladı. Bundan başqa, hazırda ölkəmizin Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirir və artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev «Kazakhstanskaya Pravda» qəzetində dərc olunan məqaləsində isə regionun planetin ən mühüm nəqliyyat, logistika və tranzit mərkəzlərindən birinə çevrilmək üçün hər cür imkana malik olduğunu,  Mərkəzi Asiyanın sürətlə qlobal nəqliyyat kommunikasiyalarının əsas həlqəsinə çevrildiyini bildirib. Qeyd edib ki, hazırda region dövlətləri yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün digər perspektivli ideyalar irəli sürür: «Qazaxıstan öz tərəfdaşları ilə birlikdə Orta Dəhlizi fəal şəkildə inkişaf etdirir, bu marşrutla daşımaların həcmini ortamüddətli perspektivdə 5 dəfə artırmağı qarşıya mühüm vəzifə kimi qoyur.»

Elçin Zaman, «İki sahil»