30 noyabr 2024 12:48
78

QMİ sədrinin müavini: Azərbaycandakı tolerantlıq mühiti bizim milli irsimizdir

Prezident İlham Əliyevin himayədarlığı ilə son illər görülən işlər və həyata keçirilən tədbirlər ölkəmizdə hər kəsin etiqad seçiminə hörmətlə yanaşıldığını, qəbul edilən qanunların, normativ aktların beynəlxalq hüquq və normalara uyğunlaşdırıldığını, görülən işlərin bütövlükdə əqidə azadlığını təmin etməyə, bu sahədə yarana biləcək problemlərin həllinə, dövlətlə dini qurumlar arasında münasibətləri qanun çərçivəsində tənzimləməyə hüquqi əsas verir.

“İki sahil” xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Bəxtiyar Nəcəfov Naxçıvanda keçirilən “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfransda söyləyib.

O deyib: "Azərbaycandakı milli-mənəvi dəyərlərin bugünkü vəziyyəti, tolerantlıq mühiti bizim milli irsimizdir. Dünyanın bir sıra ölkələrində keçirilən konfranslarda şəxsi müşahidələrim onu deməyə əsas verir ki, biz bir xalq, bir dövlət olaraq çox öndəyik. Çünki xalqımızın milli əxlaqında oturuşmuş səmimi, mehriban tolerantlıq dəyərlərini bir çox ölkələr qanunlarla, inzibati resurslarla əldə etməyə çalışır. Azərbaycanda dinlər və məzhəblər arasında münasibətlərdəki səmimiyyət əxlaqi normaya çevrildiyi halda, inkişaf etmiş bir sıra ölkələrdə bu, qanunvericilik aktları ilə tənzimlənir. Dinlər və məzhəblər arasındakı mövcud vəziyyət mübaliğəsiz bizim milli brendimiz sayılır. Regionumuzda cərəyan edən münaqişələrin pərdə arxasında qalan dinlər və məzhəblər arası çəkişmələr fonunda mövcud tolerantlıq mühitini qorumaq və daha da inkişaf etdirmək zərurəti yaranır. Bu baxımdan milli kimliyimizin mühüm hissəsini təşkil edən dinlər və məzhəblər arası səmimi tolerantlıq ənənəsini qoruyub saxlamaq məsuliyyətini hər birimiz ciddi şəkildə qorumalıyıq”.