04 dekabr 2024 17:14
134

TİKA sədri ilə əməkdaşlıq müzakirə edilib

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 4-də ölkəmizdə səfərdə olan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Serkan Kayaların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  Mədəniyyət Nazirliyindən verilən məlumata görə, qonaqları salamlayan nazir Azərbaycan və Türkiyə dövlət başçılarının dostluq və qardaşlıq münasibətlərinin iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə inkişafına şərait yaratdığını bildirib.

Qeyd olunub ki, mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Tarixi abidələrin bərpası, konservasiyası, birgə arxeoloji tədqiqatlar, o cümlədən kino və audiovizual sənət və digər sahələrdə əməkdaşlıq üçün iki ölkənin potensialından istifadə edilərək əhəmiyyətli nəticələr əldə etmək mümkündür.

Səmimi qəbula görə təşəkkürünü bildirən TİKA sədri Serkan Kayalar rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və Azərbaycanla mövcud əlaqələri barədə məlumat verib. Deyib ki, TİKA qeyd edilən sahələrdə əməkdaşlıqda maraqlıdır.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı da iştirak edib.