05 dekabr 2024 10:51
214

Zaman və məkan vəhdətində varisliyə sadiqlik!

«Əsrin müqaviləsi» ilə yola çıxan, Cənub Qaz Dəhlizi ilə Avropanı dolaşan, COP29-la dünya birliyini yaşıl dünya naminə həmrəyliyə çağıran Azərbaycanın neft strategiyası əməkdaşlığın şaxələndirmə formatıdır

Müdriklərin söylədikləri kimi, tarixi insanlar yaradır. Onu zənginləşdirən, bəşəriyyətin ibrət dərslərini şəxsi keyfiyyətlərində nəsildən-nəslə ərmağan edən liderlərin xalqı üçün gördükləri işlər, göstərdikləri fədakarlıqlar mənsub olduqları xalqın yaddaşında, dövlətçilik salnaməsində əbədiyaşarlıq haqqı qazanır. Tarixin yetirdiyi ən böyük sərkərdələrdən olan Napaleon demişdir ki, siyasət taledir. Bəxtlərinə yazılmış bu fəlsəfəni varislik ənənəsi ilə doğruldan, milyonlara örnək olan, siyasi və şəxsi həyatının bütün dönəmlərində fəaliyyəti ilə təsdiqləyən Ulu Öndər Heydər Əliyevin başqalarından fərqli xüsusiyyəti özü qədər inandığı, xalqını etibar etdiyi davamçısını yetişdirməsidir. Tarixdə müdrik şəxsiyyət kimi tanınan, dövlət başçısı kimi ona etibar olunan məsuliyyəti Vətəninə, xalqına tükənməz bağlılığı, sevgisi ilə büruzə verən, layiqli varis olduğunu qətiyyəti, siyasi iradəsi, dövlətçilik təcrübəsi ilə təsdiqləyən Prezident İlham Əliyev Ulu Öndərin 2003-cü ildə xalqa müraciətindəki «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm» sözlərini doğrultdu.

Hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycanın gələcəyini, qarşıdakı onilliklər üçün nəzərdə tutulan inkişaf konsepsiyasını müəyyənləşdirən Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə işləyib hazırladığı neft strategiyasının coğrafiyasını genişləndirməklə, formatını şaxələndirməklə Azərbaycanın müstəqilliyi naminə atdığı kövrək addımları qətiyyətlə davam etdirdi.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vəzifəsində çalışdığı müddətdə Azərbaycanın iqtisadi inkişafına nail olmağın mümkün yollarını həyat təcrübəsi ilə yəqinləşdirən cənab İlham Əliyev o illərdə də Ulu Öndərin hazırladığı neft strategiyasının Azərbaycanın müstəqilliyinin əbədiləşməsində, ölkəmizin dünya birliyində tanınmasında böyük rolu olacağına inanırdı.

«Əsrin müqaviləsi»nin imzalandığı o çətin məqamları xatırlayaq. Müstəqilliyini yenicə qazandığı o illərdə daxili və xarici qüvvələrin təzyiqləri ilə üzləşən, ölkəni düşdüyü iqtisadi bohrandan çıxarmaq üçün yollar axtaran Ulu Öndər qətiyyəti ilə adını tarixdə iz qoymuş, barmaqla sayılan korifeylərin, sərkərdələrin siyahısına qızıl hərflərlə yazdı. Müasir Azərbaycanın memarı kimi ölkəmizin yeraltı və yerüstü sərvətlərindən səmərəli istifadənin istiqamətlərini zəkasının qüdrəti ilə, müdrikcəsinə müəyyənləşdirdi. Zəngin enerji potensialına malik ölkəmizin təbii sərvətlərindən düşünülmüş, xalqın və dövlətin maraqları, mənafeyi naminə istifadəni yeganə çıxış yolu hasab edən Ulu Öndər həmişə olduğu kimi, bu seçimində də yanılmadı. Azərbaycanda siyasi hadisələrin yaratdığı gərginliyin, Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində yaranan çıxılmaz vəziyyətin davam etdiyi müddətdə dünyanın tanınmış neft şirkətlərini «Əsrin müqaviləsi»nin perspektivlərinə inandırmaq doğrudan da möcüzə idi. Müdrik siyasəti ilə bu möcüzəni həqiqətə çevirən tarixi şəxsiyyət Heydər Əliyev əmin idi ki, müstəqilliyimizin əbədiliyi, xalqımızın birliyi, torpaqlarımızın Ermənistanın işğalından azad olunması üçün «Üç dəniz əfsanəsi» yeganə çıxış yoldur.

«Əsrin müqaviləsi»nin imzalanması mərasimindən sonra 22 sentyabr 1994-cü ildə Azərbaycan Televiziyası və radiosu ilə çıxış edən, bu tarixi hadisənin əhəmiyyətini xalqa çatdıran Ulu Öndər Heydər Əliyevin « O ötən 150 ildə Azərbaycan neft sənayesinin tarixində ilk belə böyük müqavilədir. Xarici neft şirkətləri rəhbərlərinin fikrincə, ümumiyyətlə, öz xüsusiyyətlərinə görə bu nadir bir müqavilədir. Bu da ondan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dünyanın yeddi böyük neft şirkətinin daxil olduğu konsorsium ilə müqavilə bağlayıb» sözləri artıq reallaşıb.

«1994-cü ildə «Əsrin kontraktı» imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə «Əsrin kontraktı» yaratdı. Ulu Öndərin şah əsəri olan neft strategiyası Azərbaycan intibahının iqtisadi, siyasi, sosial yüksəlişinin, dünyaya inteqrasiyasının strateji və metodoloji prinsipi kimi özünü doğrultdu. O vaxtdan bu günə qədər Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Əgər biz 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır» sözləri ilə Ulu Öndərin hazırladığı neft strategiyasının əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyev o tarixi günlərdə baş verən digər məqamları da xatırlayır: «Çünki o vaxt mən Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi bu işlərlə bilavasitə məşğul idim. O vaxt Azərbaycanın neft strategiyası müəyyən olundu və bu gün biz bu strategiyanın, görülən işlərin bəhrəsini görürük.» Ulu Öndərin hazırladığı neft strategiyasına qərəzli yanaşmalar, çətinliklər də az olmamışdı.

…Tarix 1997-ci ilin fevral ayı, məkan Amerika Birləşmiş Ştatları. O illərdə Azərbaycanın təşəbbüsü ilə reallaşan «Əsrin müqaviləsi»ndən sonra respublikamıza maraq daha da artmışdı. Həmin tarixdə ABŞ-ın Hyuston və Vaşinqton şəhərlərində Azərbaycanla bağlı keçirilən konfranslarda iştirak edən, xarici mətbuata müsahibələr verən cənab İlham Əliyev həm də ölkəmizin xarici siyasətini diqqətə çatdırırdı.
Cənab İlham Əliyev vurğulayırdı ki, yalnız müstəqillik illərində təbii resurslarımızı xalqın mənafeyi naminə istifadə etməyə nail olduq. Açıq dənizlərə çıxışı olmayan, texniki cəhətdən çox çətin, qlobal layihələrin həlli üçün böyük maliyyə vəsaiti tələb edildiyi bir zamanda xarici investorları ölkəmizlə əməkdaşlığa cəlb etməyin özü diplomatik məharət, cəsarət tələb edirdi. O vaxtlar «Əgər məndən soruşsanız ki, Azərbaycana, ölkəmizin xüsusən neft-qaz sektoruna sərmayə qoymaq imkanı vardırmı, cavab verərəm ki, bəli vardır» söyləyən cənab İlham Əliyev vədini sonralar Azərbaycanın lideri kimi davam etdirdi. ABŞ görüşlərində ona ünvanlanan «Azərbaycanda hakimiyyət dəyişikliyi baş verərsə, ölkənizə qoyulmuş xarici səmayələrin aqibəti necə olacaq» qərəzli sualı «Arxayın olun, Azərbaycanda heç bir hakimiyyət dəyişikliyi baş verə bilməz» qətiyyəti ilə cavablandıran cənab İlham Əliyev bu gün dövlət başçısı kimi müstəqilliyimizin əbədiliyi naminə liderlik fəlsəfəsini xalq-iqtidar birliyi və həmrəyliyi ilə doğruldur. Zamanla bu həqiqət də təsdiqləndi. Xalqımızın xilaskarı müdrik şəxsiyyət Heydər Əliyevə sonsuz inam və etimadı məkrli niyyətlərə sipər oldu.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft –qaz kəmərlərindən sonra Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə o illərdə açıqlanan proqnozlar həyatda əksini tapır. İstismar müddəti 2050-ci ilədək uzadılan Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan, eyni zamanda, Türkmənistanın, Qazaxıstanın da nefti dünya bazarlarına çıxarılır. Azərbaycanın regional əhəmiyyətli layihələri, Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha yaxşı sinerjini yaratmaq üçün uzunmüddətli baxışı və səyləri beynəlxalq səviyyədə yüksək dəyərləndirilir.Təhlükəsizlik, iqtisadiyyat, enerji ilə təminat məsələlərini əhatə edən Orta Dəhliz layihəsinin əsas iştirakçılarından sayılan, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində zəngin təcrübəyə malik Azərbaycanın enerji diplomatiyasının uğurları artdıqca ölkəmizin beynəlxalq və regional əhəmiyyəti də çoxalır. Buxarestdə «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş»”in imzalanması, Azərbaycanla Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin möhkəmlənməsi, Avropa ölkələrinin Azərbaycanın enerji siyasətinə marağının artması, qitə dövlətlərinin enerji ilə təminatını genişləndirən interrkonnektorların açılması önəmli töhfələrdəndir. Qitə dövlətlərinin əsas enerji ixracatçısı kimi diqqəti cəlb edən Azərbaycanın yaşıl enerji sahəsində əldə etdiyi nailiyyətlər, bərpaolunan enerji potensialının artması, quruda külək və günəş enerjisinin həcminin 27 qiqavatdan çox olması, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisinin 157 qiqavat təşkil etməsi Ulu Öndər Heydər Əliyevin qarşıdakı onilliklər üçün müəyyənləşdirdiyi neft strategiyasının təkzibolunmaz uğurlarındandır. 2027-ci ilə qədər ölkəmizdə 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin istehsalı, 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güclərin yaradılması ilə bağlı vədlərə də inam artır. Birləşmiş Ərəb Əmirliklərinin «Masdar», Səudiyyə Ərəbistanı Krallığının «ACWA Power» şirkətləri ilə bağlanan sazişlər əsasında həyata keçirilən layihələr Azərbaycanın alternativ enerji siyasətini daha da zənginləşdirir. Xatırladaq ki, Bakı Enerji Həftəsi çərçivəsində Şuşada keçirilən «Xalis sıfra aparan yol: İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji potensialının inkişafı»” mövzusunda xüsusi sessiyada da Azərbaycanın yaşıl enerji siyasəti qabaqcıl təcrübə kimi dəyərləndirilmişdi. Bildirilmişdi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa-quruculuq prosesi çərçivəsində 20 meqavatlıq elektrik stansiyalarının istismara verilməsi Şuşa da daxil olmaqla bu ərazilərdə 19 yarımstansiyanın inşa və bərpa edilməsi Azərbaycanın dünyada enerji təhlükəsizliyi ilə bağlı mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzuru, Naxçıvan Muxtar Respublikasını xalis sıfır emissiyalı yaşıl enerji zonası” elan etməsi isə mütərəqqi inkişaf siyasətinin nümunəsidir. Strateji hədəflər isə daha böyükdür: Enerji dayanıqlılığı ilə bağlı müasir çağırışlar və qlobal iqlim dəyişikliyi probleminin həllinə əməkdaşlıq müstəvisində nail olmaq.

Göründüyü kimi, ilk dəfə Prezident kimi and içən zaman «Heydər Əliyev siyasəti Azərbaycana böyük uğurlar gətiribdir» sözlərini reallaşdırmaqla ölkəmizin inkişaf konsepsiyasında enerji diplomatiyamızın yeni səhifələrini yazan cənab İlham Əliyev Ümummilli Liderin təkrarolunmaz siyasətinə varisliyni uğurla davam etdirir. Respublikamıza rəhbərliyi illərində xarici ölkələrə səfərləri zamanı Azərbaycanı xəritələrdə tanıdan Ulu Öndərin müstəqilliyimizin əbədiliyi naminə müəyyənləşdirdiyi siyasəti davam etdirən Prezident İlham Əliyevin qətiyyəti sayəsində hazırda Azərbaycan vədinə sadiq qüdrətli dövlət kimi dünya siyasətində söz sahibidir. «Əsrin müqaviləsi» ilə başlayan, Cənub Qaz Dəhlizi ilə ölkələr arasında körpü salan, COP29 kimi mühüm beynəlxalq tədbirlərlə dünya birliyini eyni məqsəd naminə birləşdirən Azərbaycanın enerji siyasətinin əsasını «Yaşıl dünya naminə həmrəylik!» çağırışları təşkil edir. Uğurla başa çatan COP29-la bağlı xarici KİV-lərdə yazılan xoş sözlər, Azərbaycanın enerji siyasətinin dəstəklənməsi Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinin, ölkəmizə artan marağın ifadəsidir.

COP29-un Liderlər Sammitinin açılış mərasimində Şimal ilə Cənubun, Qərb ilə Şərqin qovuşduğu məkanda yerləşən Azərbaycanın zamanın tələbinə uyğun dəyişən meqalayihələrinin hədəfinin çoxtərəfli əməkdaşlıq formatının genişlənməsinə yönəldildiyni diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, çoxtərəfliliyin tərəfdarı olan Azərbaycan eyni zamanda mədəniyyətlərarası dialoqa töhfə verən ölkədir.

Prezident İlham Əliyevin «Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq» sözləri ilə iqlim dəyişikliyi ilə mübarizədə də öz sözünü deyən Azərbaycanın dörddəbir hissəsini əhatə edən Naxçıvan Muxtar Respublikasının, Qarabağ və Şərqi Zəngəzur regionlarının yaşıl enerji zonaları elan edilməsi ölkəmizin təmiz dünya naminə hərəkatda fəal iştirakının ifadəsidir.

«Əsrin müqaviləsi» imzalanarkən Azərbaycana qarşı eyni mənbədən, düşünülmüş şəkildə təxribatlar törədən dairələrin COP29-un keçirildiyi günlərdə də eyni ssenarilər üzrə siyasi şoular düzəltmələri də diqqətdən yayınmadı. Həmin qüvvələrə Ulu Öndərə xas qətiyyətli mesajı ilə Azərbaycanın neft strategiyasının əbədi uğura məhkum olduğunu diqqətə çatdıran Prezident İlham Əliyevin «Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!» sözləri Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiqlik, varisliyə sahiblik, xalqımızın dönməz iradəsinin əbədiyaşarlıq simvoludur.

Xuraman İsmayılqızı, «İki sahil»