05 dekabr 2024 09:25
301

“Qoca qitə”nin Gürcüstan planları

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin noyabrın 28-də keçirdiyi brifinq zamanı Avropa İttifaqına  (Aİ) üzvlüklə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığı barədə açıqlamasından sonra Tbilisidə müxalifətin genişmiqyaslı aksiyaları sistemli hal alıb. Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir edir, onlara müxtəlif küt əşyalar, pirotexniki vasitələr və tezalışan maddələr atırlar. Aksiyalar zamanı polislə qarşıdurmalar baş verib, nəticədə 140 nəfər saxlanılıb, 50-dən çox insan, o cümlədən etirazçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları yaralanıb. Baş nazir bildirib ki, bu zorakılığın arxasında sahibinin, yəni Qərbin təhriki ilə 4 partiya – Saakaşvilinin, Qvaramianın, Xazaradzenin və Qaxariyanın partiyaları dayanırlar.

Gürcüstanın Konstitusiya Məhkəməsinin Prezident Salome Zurabişvilinin və müxalifətin 30 nümayəndəsinin 26 oktyabr seçkilərinin konstitusiyaya zidd olduğunun tanınması ilə bağlı iddialarını qəbul etməməsi etirazçıları  daha da hiddətləndirib. Əsas təşkilatçı funksiyasını öz üzərinə götürüən Salome Zurabişvili universitetlərdən sonra məktəbləri də etirazlara cəlb etmək təşəbbüsü ilə çıxış edib. Bu da Gürcüstan  Patriarxlığı tərəfindən kəskin tənqid olunub.

Aksiyalarda Qərbin dəst-xətti açıq-aydın görünür. Elə baş verən  hadisələrin fonunda ABŞ Dövlət Departamentinin Gürcüstan hökumətini demokratik islahatlara çağırması, Aİ-nin və Baltikyanı ölkələrin diplomatlarının etirazçıları dəstəkləmələri, həmçinin aksiyalarda saxlanılanların 30 faizinin xarici ölkələrin (ABŞ, Böyük Britaniya və Niderland) vətəndaşlarının olması bunu bir daha təsdiq edir.  Yeri gəlmişkən qeyd edək ki, Gürcüstanda hakimiyyətin devrilməsi məqsədilə Tbilisiyə qruplar göndərən ölkələr arasında Ermənistanın da adı çəkilir. Məlumatlara görə, iğtişaşlara dəstək vermək üçün ermənilərin göndərilməsi tapşırığını Ermənistanın baş naziri Nikol Paşinyan verib.  Hətta “Demokratik Alternativ” partiyasının sədri Suren Surenyants bildirib ki,  Nikol Paşinyan Gürcüstanda hakimiyyətin dəyişməsini istəyir: “Məndə olan məlumata görə, Gürcüstanda keçirilən etiraz aksiyalarında Ermənistandan göndərilən 400-500 nəfərlik qrup da iştirak edir”.

Hətta Qərb Gürcüstanda hakimiyyətə qarşı mübarizənin əhatə dairəsini genişləndirmək məqsədilə addımlar atmaqda davam edir. Məsələn, Lüksemburqun xarici işlər naziri Ksavye Bettel (Xavier Bettel) bildirib ki, bizdən seçkilərin nəticələrini tanımamağımız xahiş edilib, bu xahiş həm də prezident tərəfindən olub.

Yeri gəlmişkən, Cənubi Qafqazı qan çanağına döndərməyi qarşısına məqsəd qoyan, hələ də müstəmləkəçilik siyasətindən əl çəkməyən Markon Fransası da iğtiaşaşları körükləyənlər arasındadır. Sözügedən ölkənin Gürcüstandakı səfiri Şeraz Qasri  deyib ki, hökumət xalqın tələblərini eşitməlidir, demokratik dəyərlər prioritet olmalıdır. Şübhəsiz, bütün bunlar Gürcüstanın daxili işlərinə qarışmaqdır. Qeyd edək ki, xeyli vaxt idi ki, insan hüquqları və Avropaya inteqrasiya adı altında Gürcüstanda Qərbdən maliyyələşdirilən qeyri-hökumət təşkilatları və media strukturlarından ibarət şəbəkə formalaşdırılırdı. Əsas məqsəd gürcü xalqını mövcud hakimiyyətə qarşı qaldırmaq və etiraz əhval-ruhiyyəsini formalaşdırmaqdan ibarət idi. Bu mənada bu baş verənlər həmin şəbəkənin “məhsul”udur desək, yanılmarıq.

Bəli, açıq-aydın görünür ki, Qərb hazırda hakimiyyətdə olan “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasına deyir ki,  bizim dediklərimizlə oturub-durun, yəni  xarici təsirin şəffaflığının təmin edilməsi və ailə dəyərlərinin, milli ləyaqətin qorunması ilə bağlı iki mühüm qanunlardan imtina edin, Rusiyaya qarşı sanksiyalarda fəallıq göstərin. Məhz bu halda bütün qapılar üzünüzə açıla bilər. Yəni, Qərb Gürcüstana öz şərtlərini açıq şəkildə diktə etməkdən belə çəkinmir Amma mövcud hakimiyyət gürcü xalqının maraqlarının, mənliyinin ayaqlar altına atılımamasında israrlıdır və tutduğu yoldan dönməyəcəyinin bəyan etməkdədir. Şühbəsiz, Qərb Gürcüstanda öz istəyinə nail olsa, bu yolla digər ölkələrə də müdaxiləsi qaçılmaz olar.

Görünən odur ki, Gürcüstanda baş verənlər böyük bir geosiyasi oyunun tərkib hissəsidir.  Yəni, Gürcüstanın inkişaf etmiş ölkə olması Qərbin əsla marağında deyil. Onların niyyəti Rusiyaya yaxın bir bölgədə, yəni Cənubi Qafqazda daha bir qeyri-sabitlik ocağı yaratmaqdır. Artıq gürcü xalqı bunu yaxşı dərk edir. Dərk edir ki, “Qoca qitə”nin başlıca məqsədi mövcud hakimiyyəti devirmək və Gürcüstanda Qərbdən idarə olunan iqtidar komandası formalaşdırmaqdır. Elə keçirilən rəy sorğularında Qərbin öz maraqları naminə Gürcüstanı qarşıdurmaya sürükləməsi, ölkənin suvernliyinin təhlükə altına salınmasının əksini tapması da bundan xəbər verir.

Gürcüstanda radikal qüvvələrin hökumətə qarşı destruktiv fəaliyyəti, idarə olunan müxalifəti hakimiyyətə  gətirmək istəyi Qərbin arzuladığı nəticəni vermir. Bununla belə, hadisələrin inkişafı belə ehtimal etməyə əsas verir ki, radikal qüvvələr qarşıdurmanın xarakterini dəyişməyə cəhd göstərirlər. Bu mənada hazırda Gürcüstan tarixinin ən ağır günlərini yaşayır. Amma bütün bunlara rəğmən əminliklə demək olar ki, təxribatlara baxmayaraq Gürcüstan siyasi iradə nümayiş etdirməklə özünün müstəqilliyini qorumağı və ölkəni “rəngli inqilab”la ələ keçirmək istəyən Qərbə öz yerini göstərməyi bacaracaq. Bununla da Gürcüstan Cənubu Qafqazda yeni reallıqlar yaratmış Azərbaycanla bir cərgədə olduğunu nümayiş etdirəcək. Bu isə regionun digər ölkəsini, yəni Ermənistanı Qərbin diktəsi ilə oturub-durmaqdan müəyyən dərəcədə çəkindirə bilər.

Qvami Məhəbbətoğlu, “İki sahil”