05 dekabr 2024 12:48
270

Bayden əslində etiraf etdi ki, onun oğlu siyasi məhbusdur, məhkəmə siyasi sifariş yerinə yetirib - AÇIQLAMA

Belə bir vəziyyətdə Birləşmiş Ştatların Dövlət Departamenti hansı məntiqlə, hansı mənəvi haqqla insan hüquqlarından danışır?

Avropa və ABŞ-dan Azərbaycana qarşı koordinasiya olunmuş təzyiq kampaniyası davam etdirilməkdədir. Bu dəfə isə özünəməxsus dırnaqarası bir fakt tapıblar. Rüfət Səfərovun konkret cinayət tərkibli əməllərinə görə saxlanması hadisəsinə siyasi don geyindirmək istəyirlər. Halbuki bu şəxs xuliqanlıq və eyni zamanda, dələduzluq hərəkətlərinə görə saxlanılıb və dələduzluq külli miqdarda ziyanvurma halı ilə qeydə alınıb və indi istintaq prosesi gedir. Ancaq Avropa Şurası Parlament Assambleyasında Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabe isə istintaq hərəkətlərinin yekunlaşmasını gözləmir. Bu, ona qətiyyən lazım deyil. Artıq indidən onu "siyasi məhbus" elan ediblər və hesab edirlər ki, bu, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına qayıtması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə uyğun gəlmir və yanvar ayında bu məsələyə baxılacaq. Yəni Azərbaycanı indidən hədələyir ki, yanvar ayında AŞPA-ya qayıdışınız mümkün olmayacaq və çox sinxron şəkildə onun bu davranışı ilə paralel şəkildə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini də bu şəxsi "siyasi məhbus" elan edir və hesab edir. Heç onları qətiyyən maraqlandırmır ki, bu şəxs məhz konkret cinayət əməlinə görə saxlanılıb və istintaq gedir.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi.

 Əgər ABŞ Prezidentinin oğluna münasibətdə bu hal baş veribsə, deməli...

Elman Nəsirov vurğuladı ki,  artıq bu davranış istintaqın nəticələrinə bəri başdan təzyiq göstərmək mahiyyəti kəsb edir və tamamilə anti-Azərbaycan mövqeyidir və bu hadisənin siyasiləşdirilməsi anlamına gəlir. Ancaq burada çoxlu suallar yaranır. Özləri özlərinə güzgüdə baxsınlar. Birləşmiş Ştatların artıq vəzifəsini təhvil verməyə hazırlaşan Prezidenti Co Bayden tələm-tələsik bir qərar verdi və oğlunu əfv etdi. Halbuki onun oğlu konkret cinayət əməlində ittiham olunurdu. Eyni zamanda, narkotik istifadəçisi olduğu bəlli idi. Ancaq Bayden söylədi ki, oğlumu soyadına görə həbs ediblər və bu həbs siyasi sifariş əsasında reallaşdırılıb. Yəni Bayden əslində etiraf edir ki, onun oğlu siyasi məhbusdur. Deməli, Birləşmiş Ştatlarda siyasi məhbus var və eyni zamanda, hesab edir ki, məhkəmə siyasi sifariş yerinə yetirib. Deməli, Birləşmiş Ştatlarda məhkəmələr siyasi sifariş yerinə yetirə bilir. Əgər ABŞ Prezidentinin oğluna münasibətdə bu hal baş veribsə, deməli, daha aşağı səviyyələrdə hansı siyasi sifarişlərin yerinə yetirildiyi və nə qədər siyasi məhbusun olduğunu hesablamaq elə də çətin deyil. Yeri gəlmişkən, Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Tramp da 2021-ci il 6 yanvar hadisələrinə qiymət verərkən, o zaman seçkinin nəticələrini qəbul etməyən respublikaçı tərəfdarları Konqresə hücum etmişdilər və o zaman bu hücum nəticəsində saxlanılan şəxslərin hər birini Donald Tramp siyasi məhbus hesab edirdi və görün Birləşmiş Ştatların hakimiyyətdən getməyə hazırlaşan prezident səviyyəsində, eyni zamanda, yeni seçilmiş prezidenti səviyyəsində Birləşmiş Ştatlarda siyasi məhbus və siyasi sifarişin olduğu, məhkəmələrin azad olmadığı, müstəqil olmadığı ilə bağlı fikirlər səslənir. Bu, ölkənin birinci şəxslərinin dilindən səslənir. Belə bir vəziyyətdə Birləşmiş Ştatların Dövlət Departamenti hansı məntiqlə, hansı mənəvi haqqla insan hüquqlarından danışır? Siyasi məhbus institutundan danışır və Azərbaycan bu məsələlərdə ittiham edir?. Bir özünüzə baxın, sonra görün ki, bunu sizin deməyə mənəvi haqqınız var, yoxsa yox.

Şvabe kimi deputatlar Almaniya üçün üz qarasıdır

Deputat bildirdi ki, Frank Şvabe kimi deputatlar Almaniya üçün üz qarasıdır. Çünki onun kimilər Almaniya kimi böyük bir Avropa dövlətinin strateji maraqlarını bir kənara qoyubr, erməni maraqlarına xidmət edirlər. Almaniyanın maraqlarına, regional maraqlarına, strateji maraqlarına onlar öz mədələrinin gözü ilə baxırlar. Doğrudan da ayıbdır. Avropa Parlamenti ilə korrupsiya sözü artıq sinonimləşib. Eyni şeyi Avropa Şurası Parlament Assambleyası haqqında da artıq demək mümkündür. Çünki Şvabe kimi deputatlar bu parlamenti sözün həqiqi mənasında gözdən salıb və hesab edirəm ki, Birləşmiş Ştatlarda yeni administrasiyası Dövlət Departamentində də ABŞ-ın strateji maraqlarına, region siyasəti maraqlarına zidd olan bu kimi halların qarşısını ala biləcək kadr dəyişikliyi edəcəklər. Və onlar bilməlidirlər ki, Azərbaycan demokratik inkişaf yolunu seçib, bizdə qanunun aliliyi var və Birləşmiş Ştatlardakı bu son hadisələri sonra söyləmək mümkündür ki, Azərbaycan onlar üçün də nümunə ola biləcək dövlətdir.

Səbinə Kazımova, “İki sahil”