05 dekabr 2024 12:44
277

Qərbi Azərbaycana qayıdış hüququnun beynəlxalq platformalarda müzakirəsi bizi hədəfimizə yaxınlaşdırır - Deputat

Qərbi Azərbaycandan olan soydaşlarımız mərhələli şəkildə deportasiyaya məruz qalıblar. 1988-1991-ci illəri əhatə edən sonuncu deportasiya isə ən ağır mərhələ hesab olunur və Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə eyni vaxta düşürdü. Ermənistanın hüquq-mühafizə orqanlarının bilavasitə iştirakı ilə həyata keçirilən deportasiya zamanı soydaşlarımız fiziki-psixoloji təzyiq altında işgəncələrə, kütləvi qətliamlara məruz qalaraq, öz dədə-baba torpaqlarından zorla qovulublar.

“İki sahil” xəbər verir ki, bu fikirləri mətbauataa açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

Deputat bildirib ki, Ermənistanın bu davranışları açıq şəkildə 1948-ci il Konvensiyası və Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına zidd olaraq etnik təmizləmə idi. Təəssüf ki, o dövrdə mərkəzi hakimiyyət təcavüzə məruz qalanla təcavüz edən arasında heç bir fərq qoymurdu. Baş vermiş faciənin ağır humanitar nəticələrinin nəzərə alınmaması, tərəflərin məsuliyyətinin bərabərləşdirilməsi soydaşlarımızın hüquqlarını fundamental şəkildə pozurdu. Beləliklə, deportasiyanın sonuncu mərhələsində Qərbi Azərbaycan ərazisindən 300 minə yaxın azərbaycanlı zorla qovuldu.

“Bu gün Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın hüquqlarının bərpası beynəlxalq miqyasda müzakirə olunur. Beynəlxalq ekspertlərin iştirakı ilə çoxsaylı tədbirlər keçirilir. 51 ölkədən 100-dən çox nümayəndənin qatıldığı “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən konfrans da bu baxımdan səmərəli platformadır.

Ərazi bütövlüyü və suverenliyimizin bərpasından sonra yaranan yeni reallıqlar fonunda Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdışı yeni dövrün əsas hədəf və prioritetləri sırasındadır. Müzəffər Ali Baş Komandan İlham Əliyev də bəyan edib ki, Qərbi azərbaycanlıların hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Azərbaycan bunun sülh yolu ilə reallaşmasının tərəfdarıdır. Bu hədəfə nail olmaq üçün beynəlxalq müstəvidə daha fəal iş aparılır. Tarixi həqiqətlər, Azərbaycan tarixi irsinin Qərbi Azərbaycan torpaqlarından silinməsi ilə bağlı faktlar daha geniş auditoriyaya təqdim olunur. Qayıdış Konsepsiyasının bütün prinsipləri müvafiq platformalarda gündəmə gətirilir. Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizlik, bunun ağır nəticələri heç bir halda qəbul edilə bilməz.

Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, toponimlər dəyişdirilib. Ümumilikdə Göyçə ərazisində mövcud olmuş yaşayış məskənlərimizin xarabalıqları bu gün də qalır.

Qərbi Azərbaycana qayıdış Konsepsiyasında da qeyd olunduğu kimi, soydaşlarımıza qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər, onların əməlləri Ermənistanda dövlət səviyyəsində təqdir olunur. Ona görə də cəzasızlıq Ermənistanı hərbi işğala, kütləvi etnik təmizləməyə və insanlıq əleyhinə digər cinayətlərə həvəsləndirib”,-deyə N.Məmmədova əlavə edib.

Onun sözlərinə görə, Azərbaycana qarşı qərəzli mövqedə olan dövlətlər və beynəlxalq təşkilatlar soydaşlarımızın qayıdışı məsələsinə insan hüquqları müstəvisində yanaşmalıdırlar. Başda BMT olmaqla bütün müvafiq qurumlar insan hüquqlarına münasibətdə ikili standartlara son qoymalı, Qərbi azərbaycanlıların qayıdışı məsələsini siyasiləşdirməkdən çəkinməlidirlər. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq zəmanət mexanizmi olmalıdır. Onların fərdi və kollektiv hüquqları təmin edilməlidir.

“Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Qərbi Azərbaycan İcmasının binasında nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin.

Artıq beynəlxalq ekspertlər də Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı beynəlxalq hüquq prinsipinin həyata keçirilməsini vacib hesab edirlər”, - deyə deputat vurğulayıb.