Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 5 milyard 725,4 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu barədə "İki sahil"ə Fonddan məlumat verilib.
Məlumata görə, bu, ötən eyni dövrü ilə müqayisədə 628,4 milyon ABŞ dolları və yaxud 9,9 % azdır.
Ötən ilin yanvar-noyabr aylarında ARDNF yataqlar blokunun işlənməsindən 6 milyard 353,8 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.