06 dekabr 2024 23:45
410

Duyğular işığında...

Rəssam Nigar Bağırovanın fərdi sərgisi keçirilib

Dekabrın 5-də Bakı Fotoqrafiya Evində Azərbaycan  Rəssamlar İttifaqının  və Azərbaycan  Fotoqrafiya Birliyinin üzvü  Nigar Bağırovanın  “Duyğular işığında" adlı fərdi sərgisinin açılışı olub.

Sərginin açılış mərasimində rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri iştirak ediblər.

Çıxış edən Əməkdar jurnalist, ATV kanalının bədii şura sədri Etibar Babayev Nigar Bağırovanın yaradıcılığından və sərginin əhəmiyyətindən söz açıb.

Etibar Babayev həmişə axtarışda olan və yaradıcılığında yalnız öz üstünlüklərini rəhbər tutan azad rəssamı təbrik edərək ona xoş sözlər ünvanlayıb, yaradıcılığında daha böyük nailiyyətlər qazanmağını diləyib.

Xalq rəssamı, professor Arif Hüseynov  Nigar Bağırovanın yaradıcılığından, rəsm əsərlərinin sənətkarlıq xüsusiyyətlərindən danışıb: “Nigar xanım düşüncə və fikirlərini kətan üzərinə böyük həssaslıqla köçürür. Onun özünə aid qrafikaları, rəngkarlıq işləri var. Hər işdə də özünün fəlsəfəsi var. Onun sənət əsərlərində gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlıq kimi mövzular xüsusi yer tutur. Janr müxtəlifliyi və işlənmə texnikası baxımından maraq doğuran əsərlər onun zəngin dünyagörüşünün və gərgin əməyinin bəhrəsidir”.

Milli Məclisin deputatı Rafael Hüseynov  sərginin əhəmiyyətindən bəhs edib: “Belə sərgilərin təşkili mədəni proseslərin müsbət istiqamətdə inkişafına təkan verir”.

Millət vəkili diqqətə çatdırıb ki, bu gün Nigar Bağırovanın fərdi sərgisinin açılması onun yaradıcılığının parlaq hadisələrindən biridir: “Onun sərgilərinin mütəmadi keçirilməsini arzu edirəm.Əminəm ki, gələcəkdə Nigar Bağırovanın daha böyük uğurları olacaq və onun əsərləri dünyanın aparıcı sərgilərində sərgilənəcək".

Digər çıxışçılar da sərginin  açılışı münasibətilə  rəssamı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda Nigar Bağırova tədbir iştirakçılarına minnətdarlığını bildirib: “Sizi burada görməyə çox şadam. Bu sərgi üzərində xeyli müddət işləmişəm, onu ərsəyə gətirmək üçün var gücümü sərf etmişəm”.

Nigar Bağırova sənətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Açılış mərasiminin rəsmi hissəsi yekunlaşdıqdan sonra qonaqlar nümayiş olunan əsərlərlə tanış olublar. Rəssamın fırçasının məhsulu olan rəsmlər toplusu sərgini ziyarət edən sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Yaqut Ağaşahqızı, "İki sahil"