09 dekabr 2024 14:29
153

Diplomatik xidmət orqanları əməkdaşlarının fəaliyyət istiqamətləri müəyyənləşib

Diplomatik xidmət orqanları əməkdaşlarının fəaliyyət istiqamətləri müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu, yeni hazırlanan “Diplomatik xidmət haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanlarının əməkdaşları Azərbaycanın xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda təmsil olunmasında, ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, milli təhlükəsizliyinin və milli maraqlarının xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorunmasını təmin etməlidirlər.

Bundan başqa, diplomatik xidmət orqanlarında çalışan əməkdaşları ölkənin xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətini əlaqələndirməlidir.

Həmçinin diplomatik xidmət orqanlarının əməkdaşları beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlik vəziyyətinin, xarici dövlətlərin xarici və daxili siyasətinin, beynəlxalq təşkilatların fəaliyyətini təhlil etməli, xarici dövlətlərlə diplomatik və konsul əlaqələrini, beynəlxalq təşkilatlarla diplomatik əlaqələri həyata keçirməlidir.

Diplomatik xidmət orqanlarında xidmət keçən əməkdaşlar xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək verilməsində, dövlət protokolunun təmin olunmasında, konsul işinin təşkil edilməsi və konsul funksiyalarının həyata keçirilməsində iştirak etməlidirlər.