Bəzi informasiya saytlarında Babək rayonunun Cəhri Qəsəbə 2 nömrəli tam orta məktəbi ilə bağlı həqiqətəuyğun olmayan informasiyalar yayılıb. Bildiririk ki, bu barədə sosial mediada yayılan məlumatlar əsasızdır. Məktəb bağlanmır sadəcə məktəb binası texniki cəhətdən istismar üçün yararsız olduğundan kollektiv Cəhri Qəsəbə 1 nömrəli tam orta məktəbə köçürülüb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən "İki sahil"ə bildirilib ki, məktəb binasında yaranmış çatlar və bəzi sinif otaqlarının tavanında suvaq qatının uçması səbəbindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna müraciət olunmuşdur. İnstitutun mütəxəssisləri tərəfindən məktəb binasına texniki baxş keçirilmişdir. Mütəxəssislərin rəyinə əsasən məktəb binasının texniki cəhətdən istismar üçün yararsız olduğu, həmçinin məktəb binasının konstruksiya elementlərinin bərpa-gücləndirilməsi və əsaslı təmiri həm iqtisadi həmdə texniki cəhətdən səmərəsiz hesab olunmuşdur. Layihə İnstitutunun rəyi əsasında məktəbdə təhsilalanların və təhsilverənlərin, eləcədə pedaqoji prosesin digər iştirakçılarının təhlükəsizliyinin, həyat və sağlamlığının təmini məqsədilə tədris prosesi dayandırılmadan məktəbin kollektivi 2024-cü il 02 dekabr tarixindən Cəhri Qəsəbə 1 nömrəli tam orta məktəbə köçürülmüşdür.
Növbəti illlərdə məktəb binası üçün layihələndirmə işlərinin aparılması və yeni binanın tikintisinə başlanılması nəzərdə tutulmuşdur.
Əlavə olaraq qeyd edirik ki, məktəbin bağlanması və təhsilalanların dərs saatının azalmasından söhbət getmir və dərs cədvəlinə uyğun olaraq müəllimlər ikinci növbədə Cəhri Qəsəbə 1 nömrəli məktəbdə tədrisi təşkil edirlər. Bir daha qeyd edirik ki, informasiya resruslarında yayılan məlumat həqiqəti əks etdirmir və cəmiyyəti çaşdırmağa xidmət edir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin və şagirdlərin təhlükəsiz şəraitdə tədris prosesində iştirakı daim diqqətdə saxlanılır.
Eyni zamanda bildiririk ki, məktəb binalarının şəkillərini xoş olmayan məqsədlərə xidmət etməklə montaj edilib yayımlanması məktəbə həmçinin pedaqoji heyətə, şagirdlərə, valideynlərə hörmətsizlikdir və jurnalist etikasına xas olmayan hərəkətlərdir.
Həqiqətə uyğun olmayan bu tipli informasiyalar son dövrlərdə ölkəmizdə təhsil sahəsində aparılan qanunauyğun və məqsədyönlü tədbirlərə kölgə salmaq məqsədi daşıyır.