Masallı rayonunda intensiv bağların sahəsi ildən-ilə genişlənir. Rayon ərazisində əsasən sitrus və giləmeyvə bağlarının, plantasiyaların salınmasına maraq daha böyükdür. İntensiv bağların salınmasına dövlət dəstəyi mexanizminin genişlənməsi, birdəfəlik əkin subsidiyalarının ayrılması, fermerlərin bağların salınmasına çəkdiyi xərclərin bir hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması Lənkəran-Astara iqtisadi rayonunda, o cümlədən Masallıda həm intensiv bağların sahəsinin artmasına, həm də fermerlərin gəlirlərinin çoxalmasına müsbət təsir göstərir.
Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov Masallıda yeni salınmış intensiv bağlarla tanış olub, fermerlərlə açıq sahədə görüşlər keçirib.
Kənd Təsərrüfatı Nazirliyindən "İki sahil"ə bildirilib ki, rayonun Tüklə kəndində yeni salınmış mavigilə bağına və intensiv meyvə bağlarına baxış keçirən AKİA sədrinə qış mövsümündə bağlarda görülən aqrotexniki tədbirlər barədə məlumat verilib.
Fermer Əbdül İsmayılov bildirib ki, son zamanlar Masallı rayonunda mavigilə bitkisinin becərilməsinə maraq artıb. Mavigilə bağlarının salınması bu giləmeyvənin yüksək ixrac potensialına sahib olması, xarici bazarlarda tələbatın artması, yüksək qiymətə satılması ilə əlaqədardır.
AKİA sədri bildirib ki, dövlət ixrac potensialı yüksək olan bitkilərin becərilməsini stimullaşdırmaq üçün subsidiyalar ayırır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə olaraq intensiv qaragilə (mavigilə) bağlarının salınmasına görə dövlət tərəfindən subsidiyalar veriləcək. 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonlarında salınmış intensiv qaragilə (mavigilə) bağının hər hektarına görə fermerlərə 15 min manat birdəfəlik əkin subsidiyası verilməsi nəzərdə tutulur.
Görüşdə intensiv mavigilə bağlarına birdəfəlik əkin subsidiyasının verilmə şərtləri, əkin materialı ilə təminat və digər mövzular üzrə fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu giləmeyvənin əkin materialları əsasən xaricdən gətirilsə də, son zamanlar qaragilə (mavigilə) bitkisinin əkin materialının Azərbaycanda da kütləvi istehsalına başlanıb. Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasında qaragilə (mavigilə) bitkisi in-vitro üsulu ilə çoxaldılır.
Fermer Əbdül İsmayılov 6 hektar sahədə yeni mavigilə bağı salmağa hazırlaşdığını bildirib, bu sahəyə subsidiyaların ayrılmasının fermerlər üçün böyük dəstək olduğunu vurğulayıb.
AKİA sədri Masallıya səfəri çərçivəsində, həmçinin Tüklə kəndində fermer Seyran Nəcəfovun 3 hektar sahədə yeni saldığı kivi bağı, 30 sot sahədə təcrübə məqsədilə salınmış mavigilə bağı, qarışıq meyvələrdən ibarət intensiv bağlarla tanış olub. Uzun illərdir bağçılıqla məşğul olduğunu bildirən fermer qeyd edib ki, kivi yetişdiriciliyinin dövlət tərəfindən dəstəklənməsi ölkədə kivi istehsalının artmasına, xarici məhsul ixracının çoxalmasına xeyli təsir göstərir. Mavigilə məhsuluna xarici bazarlarda çox böyük tələbat olduğunu deyən fermer növbəti ildən bu sahəyə birdəfəlik əkin subsidiyasının ayrılmasını müsbət qiymətləndirib.
Görüşdə kivi bağlarına dövlət tərəfindən ayrılan subsidiyalar, məhsulun emalı, satışı, qablaşdırılması və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.