13 dekabr 2024 13:05
263

Aİ müşahidə missiyasının gerçək məqsədi regionda sülhə töhfə vermək deyil

“Ermənistan sülh üçün praktiki addımlar atmır. Son zamanlar bu ölkədə revanşist çağırışlar da artmaqdadır. Xüsusilə, hərbiləşmə siyasəti, Qərblə bu istiqamətdə sıx əməkdaşlıq  Ermənistanın sülh sazişini imzalamağa maraqlı olmadığını göstərir”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, müəyyən Qərb dövlətləri, xüsusilə  Fransa Ermənistanı fəal şəkildə silahlandırır. Rəsmi Paris Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Parisin məqsədi regionda yeni müharibə alovlandırmaqdır. Fransa ilə yanaşı, Hindistan da Ermənistana silah satışını davam etdirir. Yunanıstan isə S-300 raket komplekslərini Ermənistana vermək niyyətindədir. Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlandırılması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına və yeni müharibənin başlanmasına hesablanıb. Ermənistandakı Avropa İttifaqının missiyasının kəşfiyyat xarakterli fəaliyyəti də bu məqsədə xidmət edir.

Millət vəkilinin sözlərinə görə, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının  gerçək məqsədi regionda sülhə töhfə vermək deyil. Ötən dövrdə baş verən proseslər göstərdi ki, bu missiya mülki deyil, hərbi-kəşfiyyat xarakteri daşıyır. Missiya üzvlərinin əvvəllər hərbi-təhlükəsizlik sahəsində çalışmaları da bunu təsdiqləyir. Aİ-nin missiyası sərhəddə konkret hansı işlərlə məşğul olub? O, sülhə töhfə verə bilibmi, yaxud da Ermənistanın hərbi təxribatlarının qarşını alıbmı? Əlbəttə, yox.  Missiya üzvləri ötən dövrdə yalnız binoklla sərhəddən Azərbaycana baxmaqla kifayətlənib, hərdən də bir sıra ölkələrdən gələn rəsmilər, eləcə də diplomatlarla birlikdə uzaqda Azərbaycan ərazilərini seyr etməklə məşğul olublar. Ötən dövrdə erməni tərəfi bir sıra hərbi təxribatlar törədib ki, Aİ missiyası o zaman ortalıqda görünməyib. Yəni onlar erməni təxribatının qarşısını almaq üçün heç bir addım atmayıblar. Sadəcə,  missiyanın üzvlərinin sayı artırılaraq 200 nəfəri ötüb. Bu da Qərbin müəyyən maraqlarının göstəricisidir. 

Rəsmi Bakının mövqeyi belədir ki,  sözügedən missiya regional sabitlik, habelə tərəflər arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsinə çevrilib. Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə hesablanmış “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb.

Sevinc Fətəliyevanın fikrincə, baş verənlər onu deməyə əsas verir ki, həqiqətən də, regionda  belə bir missiyaya ehtiyac yoxdur. Çünki artıq Azərbaycan və Ermənistan birbaşa danışıqlara üstünlük verir. Eləcə də, tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyalarının birgə işi haqqında sənədin imzalanması Aİ missiyasının Ermənistanda mövcudluğunu davam etdirməsinə lüzum olmadığını göstərir. Əldə edilən razılığa uyğun olaraq may ayında Qazaxın işğal altında olan 4 kəndi Azərbaycana qaytarılıb. Belə ki, ikitərəfli dialoqun nəticəsi olaraq Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ölkəmizə təhvil verilib. Bütövlükdə, hazırda hər iki tərəf hansısa kənar vasitəçi olmadan sərhədlərin delimitasiya və demarkasiyası işlərini davam etdirirlər. Bu işlərin nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib.

“Yaxın zamanlarda Aİ-nin Ermənistandakı missiyasının müddəti bitəcək. Bəzi qüvvələr isə onun mandatının uzadılmasına çalışırlar. Lakin proseslər göstərir ki, Azərbaycanla Ermənistan arasında məsələlərin həllində üçüncü qüvvələrə ehtiyac yoxdur. Bu baxımdan, Aİ-nin monitorinq missiyasına  da hər hansı zərurət duyulmur”,-deyə deputat vurğulayıb.