ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 6 milyon barrel (1,3 faiz) azalaraq 465 milyon barrel olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 0,7 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 1,8 milyon barrel azalmışdı. Beləliklə də, ABŞ-ın xam neft ehtiyatları ard-arda 2 həftə azalma göstərib.
ABŞ-ın strateji neft ehtiyatları isə ötən həftə 1 milyon barrel (0,1 faiz) azalaraq 673,6 milyon barrel olub. Ölkənin benzin ehtiyatları keçən həftə 1,6 milyon barrel (0,8 faiz) artaraq 218,9 milyon barrel təşkil edib. Bazar proqnozları isə ehtiyatların 1,1 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,1 milyon barrel artmışdı.
Ölkənin xam neft hasilatı ötən həftə gündəlik orta hesabla 14 min barrel artaraq 9,56 milyon barrelə çatıb. ABŞ-ın neft idxalı hesabat həftəsində gündəlik orta hesabla 213 min barrel azalaraq 7,21 milyon barrel olub. Ölkənin xam neft ixracı isə gündəlik 493 min barrel artaraq 1,98 milyon barrelə çatıb.