05 oktyabr 2017 15:02
2884

Karbamid zavodu layihəsinin 96 faizi icra edilib

Xəyal Cəfərov: Zavodun davamlı, fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək üçün SOCAR tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir

Son illər Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün ölkədə rəqabət qabiliyyətli müasir istehsal sahələri yaradılır, bu sahənin inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması sahəsində mühüm işlər görülür.

SOCAR-ın Karbamid zavodu layihəsi Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilməkdədir. Zavodun tikintisinin 2017-ci ilin sonunda yekunlaşması və müəssisənin 2018-ci ildə istismara verilməsi planlaşdırılır.

SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov “İki sahil” qəzetinin Neftçilər Günü münasibətilə xüsusi buraxılışında yer alan məqaləsində qeyd edib ki, ümumilikdə Mühəndislik, Satınalma və Tikinti Müqaviləsi çərçivəsində 2017-ci ilin iyun ayının sonu etibarilə Karbamid zavodu layihəsinin təxminən 96%-i icra edilib: “Ümumi ərazisi 39.27 ha olan zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaqdır. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qaz çıxış edəcəkdir. İstehsal üçün illik qaz sərfiyyatının 435 milyon m3 olması gözlənilir.  Zavod gündəlik 1200 metrik ton ammonyak və 2000 metrik ton karbamid istehsal edəcəkdir. Layihənin icra edilməsi dövlət iqtisadiyyatının əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcəkdir. Bununla yanaşı, zavodda istehsal edilən karbamid məhsulu (illik təxminən 650-660 min ton) daxili tələbatı (təxminən 150 min ton) ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaqdır. Hazırda Türkiyə karbamidin ixracı üçün əsas bazar kimi nəzərdə tutulur.”

Qeyd edək ki, layihənin ümumi dəyərinin vergi və rüsumlar da daxil olmaqla təxminən 700-750 milyon avro təşkil etməsi nəzərdə tutulur. Zavodun direktoru Xəyal Cəfərov qəzetimizə açıqlamasında qeyd edib ki, layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib: “Bu məqsədlə dövlət büdcəsindən, ümumilikdə, təxminən 210 milyon manat vəsait ayrılıb. Daha sonra maliyyələşdirmə mənbəyinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib və beynəlxalq kommersiya bankları ilə danışıqlar nəticəsində 201 milyon avro həcmində aralıq maliyyələşdirmənin cəlb edilməsinə nail olunub. Layihənin uzunmüddətli maliyyələşdirilməsi məqsədilə 27 yanvar 2017-ci il tarixində  Cənubi Koreyanın İxrac-idxal Bankı (KEXIM), habelə Societe Generale (Fransa), Deutsche Bank (Almaniya) və UniCredit (İtaliya-Avstriya) bankları ilə dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində kredit sazişi imzalanıb. Sözügedən kredit hesabına 201 milyon avro həcmində aralıq maliyyələşdirmə çərçivəsində alınmış borc geri qaytarılıb. Kredit sazişinin şərtlərinə əsasən, yerdə qalan məbləğ yalnız “Samsung” şirkəti tərəfindən görülən işlərin ödənilməsinə sərf edilə bilər. Hazırda layihə üçün zəruri olan kənar infrastruktur işlərinin aparılması, habelə layihə ilə bağlı vergi və rüsumların ödənilməsi SOCAR-ın vəsaiti hesabına həyata keçirilir.”

Xəyal Cəfərov qeyd edib ki, tikinti işləri 13 mart 2013-cü il tarixində SOCAR-ın və Cənubi Koreyanın “Samsung Engineering Co. Ltd.” şirkəti arasında imzalanmış Mühəndislik, Satınalma və Tikinti üzrə Müqavilə”yə əsasən həyata keçirilməkdədir. Tikintinin bu ilin sonunda yekunlaşması və zavodun 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Karbamidin istehsalı üçün əsas xammal təbii qazdır və zavodda gündəlik qaz  sərfiyyatının 1.5 mln. m3 olacağı gözlənilir. X.Cəfərov bildirib ki, istehsal ediləcək azot gübrəsinin ölkədaxili tələbatı tam ödəməsi və izafi məhsulun xarici bazarlara ixrac olunması nəzərdə tutulur. Karbamid zavodunun davamlı, fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək üçün SOCAR tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir. Hal-hazırda Türkiyə karbamidin ixracı üçün əsas bazar kimi nəzərdə tutulur. Aşağı xammal qiymətləri və hədəf bazarlarına yaxınlıq nəzərə alınaraq zavodun digər regional azot gübrələri istehsalçılarına münasibətdə rəqabət üstünlüyünə malik olması gözlənilir.

Karbamid zavodunun tikintisində istifadə edilən avadanlıq və materiallar Asiya, Avropa və Amerikanın müxtəlif nüfuzlu beynəlxalq şirkətlərindən alınıb. Tikinti işlərinin ən pik dövründə layihənin həyata keçirilməsinə təxminən 3500-3600 nəfər işçi qüvvəsi cəlb edilmişdir. Zavodun istismarı dövründə isə təxminən 300-350 nəfərin daimi iş yerləri ilə təmin edilməsi gözlənilir.

Orxan Vahidoğlu, “İki sahil”