İranın hazırkı hökuməti ötən hökumətlərin dövründə təsdiqlənən 180-dən çox layihəni təsdiqləyərək parlament tərəfindən araşdırılmasını istəyib.
“İki sahil” xəbər verir ki, bunu İranın parlament məsələləri üzrə vitse-prezidenti Şəhram Dəbiri yerli mediaya açıqlamasında deyib.
İran valyutasının denominasiya olunması ilə əlaqədar layihənin yenidən parlamentə göndərilməsi ilə əlaqədar İranın yerli mediasında yayılan xəbərlərə münasibət bildirən Dəbiri bildirib ki, sözügedən layihə 2019-cu ildə İran parlamentinə təqdim olunub və bu layihə haqda hər hansı yenilik yoxdur.
Ətraflı
Dəbiri deyib ki, İran hökuməti iqtidara gəldikdən sonra protokol qaydaya əsasən ötən hökumətlərin dövründən qalan layihələrin parlamentdə araşdırılmasının davam etdirilməsini təsdiqləyib və sözügedən layihə də həmin layihələrdən biridir.
"Hazırda İran parlamentinin iqtisad komitəsində valyutanın denominasiyası və milli valyutanın adının dəyişdirilməsi (Rialdan Tümənə) layihəsi İranın Ekspertlər Şurasının elan etdiyi problemlər üzrə araşdırılır" -deyə o qeyd edib.
Qeyd edək ki, İran parlamenti 2020-də milli valyutanın denominasiyası (dörd sıfırın silinməsi) və milli valyutanın adının dəyişdirilməsi layihəsini bir oxunuşda qəbul edib. Lakin Ekspertlər Şurası layihədə olan nöqsanların aradan qaldırılması ilə əlaqədar layihəni parlamentə geri qaytarıb.