AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra 14 Azərbaycan, 9 Rusiya və 3 Qırğızıstan vətəndaşı sağ qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.
“Göyərtədə 37 Azərbaycan vətəndaşı olub – 23-ü ölüb, 14-ü sağ qalıb, 16 Rusiya vətəndaşı olub – 7-si ölüb, 9-u sağ qalıb, Qırğızıstan vətəndaşlarının hər üçü sağ qalıb, təəssüf ki, Qazaxıstandan olan 6 sərnişinin hamısı ölüb”, - Karabayev Aktauda keçirdiyi brifinqdə deyib.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.
Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.