“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində sağ qalan yekaterinburqlu sərnişin Sübxonkul Rəhimov TASS agentliyinə müsahibəsində stüardessanın şücaətindən danışıb. O, stüardessanın kritik məqamda əzm və cəsarət nümayiş etdirərək üzərinə düşən vəzifəni mükəmməl şəkildə yerinə yetirdiyini vurğulayıb.
“İki sahil” bu barədə TASS agentliyinə istinadla xəbər verir.
Xatırladaq ki, “AZAL”a məxsus təyyarənin qəzaya düşməsi nəticəsində stüardessa Hökumə Əliyeva həlak olub.
“Pilotlara daha yaxın olan stüardessa, xüsusilə qadın üçün vəziyyətin dəhşətli olmasına baxmayaraq dözdü. O, əzm göstərdi. O, belə bir vəziyyətdə yerinə yetirməli olduğu bütün funksiyaları, vəzifələri yerinə yetirirdi”, - deyə Rəhimov bildirib.
“Mən onun göstərişinə itaət etdim və kreslonun söykənəcəyinə sıxıldım”, - deyə agentliyin həmsöhbəti əlavə edib.
Sərnişin “stüardessanın öz işini mükəmməl şəkildə yerinə yetirdiyini” vurğulayıb. “Qadın sənə “sakit olun” deyəndə – yadımdadır, oradakı kişi nəsə coşurdu – əlbəttə ki, sakit qalmaq lazımdır. O, əsasən Azərbaycan dilində danışırdı və insanları sakitləşdirirdi”, - deyə agentliyin həmsöhbəti bildirib.