İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçıların maraq və mənafelərinin qüvvədə olan qanunvericiliyə uyğun olaraq sahibkarlarla uzlaşdırılması məqsədilə mütəmadi olaraq biznes subyektləri ilə görüşlər keçirilir.
Dövlət Xidmətindən "İki sahil"ə bildirilib ki, növbəti maarifləndirici tədbir Xankəndi şəhərində Qarabağ iqtisadi rayonunda ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində, o cümlədən yanacaq məhsullarının, inşaat materiallarının və mobil telefonların satışı, restoran, hotel, əczaçılıq, avtomobil təmiri, avtoyuma və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox sahibkarlıq subyektinin nümayəndələri ilə təşkil olunub.
Görüşdə sahibkarlıq fəaliyyətinin təşkilinə dəstək məqsədilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni yaradılan ticarət və xidmət obyektlərinin fəaliyyətinə dair qanunvericiliyin tələbləri barədə məlumat verilib. Həmçinin istehlakçı hüquqları və istehlak bazarına nəzarət sahələri üzrə cari vəziyyət, qarşıda duran məsələlər haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bundan əlavə, istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri də sahibkarların diqqətinə çatdırılıb və onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Bu sahədə Dövlət Xidməti tərəfindən atılan addımlar, istehlak bazarına nəzarət tədbirləri çərçivəsində görülən işlər diqqətə çatdırılıb.
Sahibkarlara fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması və müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib.