Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Azərbaycanın Polşadakı səfirliyində başsağlığı kitabı açılıb.
“İki sahil” xəbər verir ki, Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata əsasən, 26 dekabr tarixinin Azərbaycan Respublikası ərazisində matəm günü elan olunması ilə əlaqədar səfirliyin inzibati ərazisindəki dövlət bayrağı yarıya endirilib.
Səfirlik Polşa dövlət qurumları və ölkədə akkreditə olunmuş diplomatik missiya və beynəlxalq təşkilatlara dekabrın 26-da və 27-də başsağlığı kitabının açılışması barədə rəsmi məlumat verib.
Qəza nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb, bu ölkənin Xarici İşlər Nazirliyi “X” hesabından Azərbaycana başsağlığı verib.
Ölkədəki diplomatik korpusun təmsilçiləri başsağlığı kitabını imzalamaq üçün səfirliyə baş çəkiblər. Azərbaycan və Polşa vətəndaşları isə səfirliyin inzibati binasının kənarında yaradılmış guşəni ziyarət edərək həlak olanlara ehtiramlarını ifadə ediblər.