Adanada (Türkiyə) ov edən Yusuf U. kolluqdan gələn səsi qaban zənn edərək, qohumu Doğan Açıkgözü güllələyib.
“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, hadisə yeni ilin ilk günü yerli vaxtla saat 09:30 radələrində mərkəz Çukurova rayonu, Küçükçınar kəndində baş verib.
Bildirilib ki, Yusuf U. və qohumu Doğan Açıkgöz səhər saatlarında dostları ilə birlikdə qaban ovlamaq üçün Küçük Çınar kəndinə gedib. Təxminən 3 saat ov edən qrup, daha sonra müxtəlif istiqamətlərə dağılaraq bir müddət araşdırmalar aparıb. Qrup kəşfiyyat apararkən Yusuf U. 30 metr aralıdakı kolluqlardan gələn səsi qaban sanıb və ov tüfəngi ilə atəş açıb.
Yusuf U. güllə atdığı yerə baxmağa gedəndə Doğan Açıkgözü yerə yıxılmış vəziyyətdə görüb. Hadisə barədə 112 Təcili Zəng Mərkəzinə bildirdikdən sonra bölgəyə jandarma və səhiyyə qrupları göndərilib.
Həkimlərin müayinəsindən sonra D.Açıkgözün öldüyü müəyyən edilib.
Saxlanılan Yusuf U.-nun dindirilməsinin davam etdiyi bildirilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”